Şrift:
Avstriyada hökumətin Pasxa bayramı günləri ilə bağlı qərarı ciddi narazılıqla qarşılanıb
05.04.2020 [10:54] - Xəbərlər, Bildiriş
Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada tətbiq olunan məhdudiyyətlərin bəziləri ölkə müxalifətinin ciddi etirazına tuş gəlib.

Federal Səhiyyə naziri Rudolf Anşober Epidemiya Qanununun 15-ci maddəsini əldə rəhbər tutaraq, bir evdə yaşamayan beşdən artıq şəxsin qapalı məkanlarla toplaşmasını qadağan edib. Nazirin sərəncamına əsasən, belə bir halın olmasından şübhələnən polis məhkəmənin qərarı olmadan yoxlama apara və mənzillərə daxil olma səlahiyyətinə malikdir.

Nazirin bu sərəncamı müxalifət partiyaları tərəfindən ciddi etirazla qarşılanıb və ölkə konstitusiyasının pozulması kimi dəyərləndirilib. Qeyd edilib ki, xristian dünyasının ən ali dini bayramı sayılan Pasxa bayramı ərəfəsində belə bir sərəncamın verilməsi insanların öz ailə üzvləri və qohum-əqrəbasına baş çəkməsinin qarşısını alacaqdır. Bu zaman təhlükəsizlik məsafəsinin və gigiyenik qaydalara riayət olunması artıq heç bir əhəmiyyət daşımayacaq. Çünki istənilən evə daxil olmaq səlahiyyəti alan polis yoxlama zamanı nəzərdə tutulandan artıq sayda insanla rastlaşdığı təqdirdə 3600 avroyadək cəza yaza biləcək.

Konstitusiya hüququ üzrə ekspert Bernd-Xristian Funk isə bildirib ki, Epidemiya Qanununda fərdi məkanlarda toplaşmanı deyil, ictimai tədbirlərin qadağan olunması nəzərdə tutulur və Səhiyyə nazirinin sərəncamı insanların özəl həyatına müdaxilə kimi yolverilməz addım sayılmalıdır.

Səhiyyə naziri isə verdiyi qərarı müdafiə edərək, hazırda ölkədə və dünyadakı vəziyyətin əvvəllər baş vermiş heç bir epidemoloji proseslə müqayisəyə gəlmədiyini və sərt tədbirlərin qaçılmaz olduğunu ifadə edib. Nazir bildirib ki, bu qərarla “korona məclisləri“nin düzənlənməsinin qarşısı alınması və insanların mümkün qədər sosial təmaslardan uzaq durması təmin edilməlidir.

Qeyd olunmalıdır ki, bu sərəncamı Pasxa bazar günündən (12 aprel) bir gün sonraya – aprelin 13-dək qüvvədə olacaq.
Bu xəbər oxucular tərəfindən 171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed