Şrift:
İran rəsmiləri koronavirusla bağlı həqiqətləri gizlətməyə davam edir
06.04.2020 [13:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəsmiləri ölkədə koronavirusun yayılması ilə bağlı həqiqətləri gizlədərək yanlış rəqəmlər verirlər.



Koronavirus pandemiyasının yayıldığı gündən etibarən İran rəsmilərinin böhranı idarə etmədəki uğursuzluqlarını gizlətmək məqsədilə infeksiyaya yoluxanların və qurbanların sayı ilə bağlı rəqəmləri manipulyasiya yolu ilə daha aşağı göstərmələri haqda müxtəlif faktlar ortaya çıxıb.





Son olaraq Güney Azərbaycanın Həmədan əyalətində bir-birini təkzib edən açıqlamalar verilib.



İranın dövlət televiziyasına bağlı “Gənc Jurnalistlər Klubu” Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Muqəddəmə istinadən əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu yazıb.



Heydəri Muqəddəmin dediyinə görə, pandemiyanın yayıldığı gündən etibarən koronavirus analizləri pozitiv çıxan 1566 nəfər əyalət xəstəxanalarına yerləşdirilib, onlardan 1169 nəfəri sağalıb.



Lakin xəbərin yayıldığından qısa müddət sonra, “Gənc Jurnalistlər Klubu” xəbəri saytdan qaldıraraq onu, Həmədan əyalətinin valisi Səid Şahroxinin açıqlaması ilə əvəz edib.



Şahroxi açıqlamasında Həmədan əyalətində koronavirus infeksiyasına yoluxanların sayının ölkədəki orta rəqəmdən üç dəfə az olduğunu iddia edib.



Həmədan Tibb Universitetinin rəis müavini Mənuçehr Kərəmi də əyalətdə 1566 nəfərin koronavirusa yoluxduğunu təkzib edərək, qeyd edib ki, “Səhiyyə Nazirliyinin sərəncamına əsasən koronavirusa yoluxanların sayını açıqlamağa icazəmiz yoxdur”.

O, əlavə edib ki, “statistikanın açıqlanmasının xalq üçün heç bir faydası yoxdur.”



Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar.



Qeyd edək ki, ötən ayın sonlarında Həmədan Əyalətinin səhiyyə rəsmiləri qəflətən koronavirusa yoluxanlarla bağlı statistika verməyi dayandırdılar.





Bəzi qeyri-rəsmi mənbələrə görə, İran Məhkəmə Sisteminin sədri İbrahim Rəisi ötən həftə Səhiyyə nazirliyindən koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin ölüm səbəbini gizlətməyə, onların ölümünü digər xəstəliklərin adı ilə təqdim etməyə çağırıb.



O, həmçinin nazirlikdən "sosial şəbəkələrdə yayılmış statistikaların idarə edilməsi" və "koronavirusdan ölənlərlə bağlı xəbərlərlə mübarizə" istiqamətində onlarla əməkdaşlıq etməyi tələb edib.
Bu xəbər oxucular tərəfindən 102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed