Şrift:
Muğan əhalisi bu şəhərin Aqrosənaye Kompleksinin özəlləşdirilməsi müqaviləsinin ləğv olunmasını tələb edir – 17 min imza...
06.04.2020 [13:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda bölgə əhalisi Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin özəlləşdirilməsi müqaviləsinin ləğv olunmasını tələb edir.



Bu məqsədlə Muğan əhalisi 17 min imza toplayaraq İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktub ünvanlayıb.



Məktubda qeyd olunub ki, İranın Ali Audit Məhkəməsi və Yoxlama Təşkilatı nəhəng kompleksin özəl sektora buraxılmasında qanun pozuntularına yol verildiyini təsdiqləyib. Hətta Ali Audit Məhkəməsinin rəisi bu müqaviləni özəlləşdirmə sahəsində olan ən böyük qanun pozuntusu adlandırıb.



Yerli əhali Məhkəmə Sisteminin rəisindən real qiymətindən qat-qat ucuz satılan böyük kompleksin qaytarılmasını tələb edib. Vurğulanıb ki, elat-əşayir tayfalarının qəsb olunmuş əraziləri bu şəkildə özəlləşdirilə bilməz.



Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur.



Kompleks bundan əvvəl texniki baxımdan heç bir qabliyyəti olmayan şirkətə buraxılmışdır. Lakin yerli əhalinin etirazından sonra müqavilə 2018-ci il oktyabrın 25-də ləğv olundu. Aqrosənaye Kompleksi ətrafında yaranan qalmaqal bununla da yekunlaşmadı. Kompleks bir müddət sonra 100 milyard tümən nağd pul və qalan məbləğin 12 il müddətinə kredit şəkildə ödənilməsi müqabilində digər bir fiziki şəxsə buraxıldı. Müqavilədə elat-əşayir tayfalarına aid böyük ərazilər də rəsmi şəkildə sözügedən şəxsə ötürülüb.
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed