Şrift:
İran Parlamentinin Tədqiqat Mərkəzi: "Koronavirus kasıblar arasında daha acınacaqlı hadisələrə səbəb ola bilər"
06.04.2020 [17:01] - Güney Azərbaycan xəbərləri
İran Milli Məclisinin Tədqiqat Mərkəzi yaydığı araşdırmada hökumətin koronavirusla mübarizə çərçivəsində kasıb əhali ilə bağlı qərarları gec qəbul etdiyini, bunun isə acınacaqlı hadisələrə yol aça biləcəyini bəyan edib.



Bəyanata əsasən, dövlət qurumlarının kasıb təbəqəyə sosial yardımların göstərilməsi xüsusunda gec qərar qəbul etməsi davam edərsə, infeksiya onlar arasında kəskin yayılacaq və bu da öz növbəsində acınacaqlı vəziyyətə gətirib çıxaracaq.



Mərkəz qeyd edir ki, xəstəliyin orta və varlı təbəqə arasında yayılmasının qarşısını almaq mümkündür. Lakin işləyən uşaqlar, küçə və sayyar satıcılar, dilənçilər, məişət tullantılarının yığımı ilə məşğul olanlar və evsizlərə qarşı dövlət qurumlarının etinasızlığı koronavirusun nəinki onların arasında, eləcə də bütün ölkə boyu kəskin sürətdə yayılmasına səbəb olacaq.



İranın bəzi rəsmiləri ölkədə həddən artıq kasıblıq səviyyəsində yaşayanların sayının 19 milyon, digər mənbələr isə bu rəqəmdən də dəfələrlə çox olduğunu deyirlər. Son günlər ərzində bəzi media orqanları həmin insanların dövlətin virusun qarşısını almaq üçün qəbul etdiyi qaydalar və tövsiyələrə necə əməl etdikləri barədə xəbərlər yayıblar.



Misal üçün, "İsna" xəbər agentliyinin Kirkə adlı kasıbların yaşadığı bölgədən hazırladığı reportajda onların öz ehtiyaclarını ödəmək üçün evdə qalmaqla bağlı tövsiyələrə əməl edə bilmədikləri, bölgədə suyun günlərlə olmadığı və digər bu kimi problemlər öz əksini tapıb.



Digər ölkələr koronavirusa görə öz əhalilərinə yardım etmək üçün sosial paketlər hazırlayıblar. İran hökuməti isə bir müddət əvvəl sahibkarla kredit veriləcəyi ilə bağlı vəd vermişdi. Lakin həmin vəddə mövcud vəziyyətə görə işlərini itirərək ağır duruma düşən fəhlələr və küçə ticarəti ilə məşğul olan şəxslərə hər hansı kömək göstəriləcəyi və ya güzəştli kredit veriləcəyinin nəzərdə tutulmadığı bildirilirdi.



İran Milli Məclisinin Tədqiqat Mərkəzi digər araşdırmada koronavirusa yoluxmuş ölkədə yaşayan qanunsuz əfqan miqratların xəstəxana xərclərini özlərinin ödədiyi qeyd edilir. Mərkəz bildirir ki, bu halın qarşısı alınmasa, xəstəliyə yoluxmuş digər əfqan miqrantlar xərclər səbəbindən bunu gizlətməyə, xəstəxanalara müraciət etməməyə çalışacaqlar və bu da öz növbəsində infeksiyanın daha da yayılmasına təkan verəcək.
Bu xəbər oxucular tərəfindən 173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed