Şrift:
İranın koronavirus siyasəti: qeyri-şəffaflıq, gizlilik və rəqəmlərin təhrifi
07.04.2020 [16:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rəsmiləri koronavirus infeksiyasının yayıldığı gündən etibarən xəstəliklə bağlı səhv, bəzən bir - birini təkzib edən rəqəmlər açıqlayaraq həqiqətləri gizlətməyə çalışırlar.



Bu qeyri-şəffaflıq son günlərdə daha da artıb və qeyri-rəsmi mənbələr əyalət səhiyyə rəsmilərinə xəstəliyin qurbanları ilə bağlı rəqəmlərin açıqlanmaması üçün təzyiq göstərildiyini iddia edirlər.



Bunu elə həmin yerli rəsmilərin açıqlamalarında da görmək mümkündür. Ötən gün Həmədan Tibb Universitetinin rəis müavini Mənuçehr Kərəmi “Səhiyyə Nazirliyinin sərəncamına əsasən koronavirusa yoluxanların sayını açıqlamağa icazə yoxdur” deyib.



Güney Azərbaycanın bəzi əyalətlərində də tibb rəsmiləri gündəlik açıqlamalarında elan etdikləri qurbanların sayını bildirməyi dayandırıb.



Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Bu əyalətdə keçən 24 saat ərzində daha 82 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını deyən Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1897 nəfərə çatdığını bildirib. Somi infeksiya qurbanlarının sayını bildirməkdən imtina edib. Rəsmi dünən verdiyi açıqlamada Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayının 205 nəfər olduğunu bildirmişdi.



Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində keçən 24 saatda daha 30 nəfərin koronavirusa yoluxduğu, infeksiyaya yoluxanların ümumi sayının 1105 nəfər çatdığı bildirilib. Əyalətdə 163 nəfərin də infeksiyadan həyatını itirdiyi təsdiqlənib. Qəzvin Tibb Universitetinin rəisi Peyman Namdar infeksiyaya yoluxanlardan 727 nəfərinin sağaldığını deyib.



Ərdəbil əyalətində də bu günə kimi 622 nəfərin infeksiyaya yoluxduğunu deyən Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbəri əlavə edib ki, keçən gün daha 34 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha altı nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 107 nəfərə çatıb.





Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, Güney Azərbaycanın bu əyalətində pandemiyanın yayıldığı gündən etibarən infeksiyaya yoluxanların sayı 1959, xəstəlikdən ölənlərin sayı isə 68 nəfərə çatıb.





Azərbaycanın Həmədan və Qərbi Azərbaycan əyalətlərində isə son rəqəmlər açıqlanmayıb. Dünən verilən statistikada Qərbi Azərbaycanda infeksiyaya yoluxanların sayının 1032 nəfər, xəstəlikdən ölənlərin sayının 76 nəfər olduğu bildirilmişdi.



Həmədanda isə dünəndən etibarən yenilənməyən rəqəmlərə əsasən 499 nəfərin koronavirusa yoluxduğu, 49 nəfərin öldüyü təsdiqlənib.



Qeyd edək ki, daha öncə Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Muqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu demişdi, lakin xəbər qısa müddət sonra saytlardan qaldırıldı. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar.



Bəzi qeyri-rəsmi mənbələrə görə, İran Məhkəmə Sisteminin sədri İbrahim Rəisi ötən həftə Səhiyyə nazirliyindən koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin ölüm səbəbini gizlətməyə, onların ölümünü digər xəstəliklərin adı ilə təqdim etməyə çağırıb.



O, həmçinin nazirlikdən "sosial şəbəkələrdə yayılmış statistikaların idarə edilməsi" və "koronavirusdan ölənlərlə bağlı xəbərlərlə mübarizə" istiqamətində onlarla əməkdaşlıq etməyi tələb edib.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed