Şrift:
Yaponiyanın Baş Naziri yeddi prefekturada fövqəladə vəziyyət elan edib
07.04.2020 [16:59] - Gündəm, Sosial
Aprelin 7-də Yaponiyanın Baş Naziri COVID-19 virusuna görə paytaxt Tokioda və altı prefekturada fövqəladə vəziyyət elan edib.

Yaponiya Nazirlər Kabineti xəbər verir ki, fövqəladə vəziyyət Tokio ilə yanaşı, Kanaqaava, Saytama, Çiba, Osaka, Hioqo və Fukuoka prefekturalarında mayın 6-dək davam edəcək.

Ş.Abe bu barədə bəyanatla Nazirlər Kabineti yanında fəaliyyət göstərən koronavirusa qarşı mübarizə üzrə işçi qrupun iclasında çıxış edib.

Baş Nazir məsləhətçi qrupa istinadla bildirib ki, virusa yoluxan insanlarda sətəlcəm və digər ağır simptomlar özünü göstərir. Komissiyanın rəyinə görə, xəstəliyə yoluxanların sayı artmaqda davam edir və bir çox hallarda ilkin mənbəni tapmaq mümkün olmur.

Ş.Abe deyib ki, virusun ölkədə sürətlə yayılması insanların həyatına və iqtisadiyyata ciddi təsir göstərə bilər. Buna görə də ötən ay qəbul olunan qanuna əsasən sabahdan ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Baş Nazir əlavə edib ki, tətbiq olunan məhdudiyyətlərə ehtiyac aradan qalxan kimi, o, fövqəladə vəziyyət rejimini ləğv edəcək.
Eyni zamanda, digər ölkələrdə olduğu kimi şəhərlərin bağlanmayacağı, ölkə iqtisadiyyatına dəstək vermək üçün ictimai nəqliyyatın və digər xidmət sahələrinin fəaliyyət göstərəcəyi də bildirilib. Əlavə olunub ki, insanların daha çox toplaşdığı qapalı yerlərdə virusun yayılmasının qarşısını almaq üçün lazım olan bütün tədbirlər görüləcək.

Ş.Abe, həmçinin uğurun insanların özlərini necə aparmasından asılı olacağını da deyib. Bildirib ki, mütəxəssislərin rəyinə görə, insanlar arasında ünsiyyət 70-80 faiz azalacağı təqdirdə, xəstələrin sayı iki həftə ərzində pik nöqtəsinə çata bilər.

Yapon xalqını evdə qalmağa çağıran Ş.Abe belə olacağı təqdirdə xəstələrin sayının kəskin azalacağını da bildirib.

Koronavirusa qarşı mübarizənin səmərəliliyini artırmaq üçün Baş Nazir iclas zamanı kabinet üzvlərini prefekturaların hökumətləri ilə sıx əməkdaşlıq etməyə, bu milli böhran dövründə əsas diqqəti insanların həyatının və sağlamlığının qorunmasına yönəltməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed