Şrift:
GÜNEY AZƏRBAYCANIN ISTIQLAL YOLU
08.10.2012 [11:01] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
İndi dünyanın əsas strateji mərkəzlərinin Orta Şərq siyasətində diqqəti İran masasına yönəlmişdir. İranın bir region olaraq Orta Asiya, Qafqaz, Avropa, Hind-Çin, Hörmüz-Oman körfəzləri hövzəsi bölgənin strateji mənada uzlaşan nöqtəsidir. İran yaylasındakı durum həm də bu regionları əhatə edir. Hindistan, Banqladeş, Pakistan, Əfqanıstan, Oman, Yəmən, İraq, İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Suriya, Livan, İsrail, Türkiyə, Azərbaycan, Ermənistan, Türkmənistan və digər ölkələrdəki siyasi rejimlər, iqtisadi əlaqələr, mədəni və sosial mühitin hansı forma və məzmunda inkişaf etməsi dolayı yolla İranla bağlıdır. Elə buna görə də Güney Azərbaycan məsələsi dünyanın güclərinin diqqət mərkəzindədir. Güneyə bağlı belə bir siyasi həssaslığın göstərilməsi səbəblərini Edinburq Universitetinin professoru, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) lideri Qulamrza Səbri Təbrizinin fikirlərini öyrənməyə çalışdıq.

– Professor, artıq ABŞ, Rusiya, Çin, eləcə də Avropa Birliyi başda olmaqla dünyanın bütün güc mərkəzlərinin Orta Şərq məsələsində əsas diqqəti İrana yönəlmişdir. Sizcə bunun səbəblərini nədən ibarətdir?

– Bütün bunları tarixin əski çağlarının dərin qatlarına bağlı dövlətçilik mədəniyyətinin izlərində aramaq lazımdır. İran, Mesopatamiya, Dəclə-Fərat və Xorasan yaylalarında zaman-zaman mövcud olmuş dövlətlərin tarixi, bunun genoloji qatları elə bu gün də yaşamaqda davam edir. Bunun elmi konsepsiyasını bilmədən Orta Şərq siyasətində balanslaşmış siyasətin aparılması çox yalnış nəticələrə səbəb ola bilər. İran yaylası hər zaman zərzi, maday, baktri, parfi, urartu, kimmer, sarmat, alan, sələv, sasani, abbasi, ümeyd, qəznəli, samani, səlcuqlu, qaraqoyunlu, ağqoyunlu, teymurlu, səfəvi, əfşar və qacarlara məxsus dövlət mədəniyyətləri siyasətinin genoloji qatları üzərində intişar tapmışdır. Çox təəssüflər olsun ki, 1925-ci ildən 1978-ci ilə kimi pəhləvilər və 1978-ci ildən bu günə kimi iqtidarda olan mollakratiya rejimləri bu tarixi ənənələri tamamilə məhv etməyə çalışmışlar. Regionun idarə olunması, dövlətçilik və demokratizm prinsipləri tamamilə yox edilmişdir. İran yaylasında yaşayan xalqların etnomədəni təbəqəsini məhv etməklə yanaşı, onları süni şəkildə vahid “pers kultu”nun əsirinə çevirmyə cəhd etmışlər. Pəhləvilər rejimi bu siyasəti xüsusi qəddarlıqla tətbiq edirdilərsə, teokratik hakimiyyətin dönəmində bunu dini-ideoloji konsepsiyaya çevirməyə çalışdılar. Təbii ki, belə bir durumun bunca uzun müddətə davam etməsi regionda həm də etnomədəni sistemin qarşıdrumaları ilə müşahidə olunur. Bunu, bölgədə qlobal şəkildə dünyanın super güclərinin iqtisadi və strateji maraqları ilə xarakterizə etmək məncə doğru deyil. Xalqların zaman-zaman dalğavari şəkildə enerjisinin qabarmaları baş verir. Bunu passionarlıq nəzəriyyəsi əsasında sübut etmək çox da çətin deyil. Hər bir toplumun milli kimliyi uğrunda apardığı dirənişlər məhz passionar konsepsiyaya söykənir. İndiki məqamda dünyanın beyin mərkəzlərinin və qlobal güclərinin Misir, Tunis, Əlcəzair, İraq, Liviya, Suriyadan sonra dünyanın diqqətinin İrana yönəlməsi də məhz bu passionar stratreji hədəflərə yönəlməsi təbii qarşılanmalıdır. İran yaylasında yaşayan bütün xalqlar milli gələnəklərinə söykənərək çağdaş modernləşmə prosesində iştirak etmək istəyirlər. Bax bu yöndə Güney Azərbaycan ön sırada dayanır. Dünyanın qlobal gücləri bunun dərin köklərini yaxşı mənada başa düşdükləri üçün bütün ümidlərini qoca Təbrizə dikmişlər. Onlar Güney Azərbaycan konsepsiyasının ən aktual hədəf olduğunu dolayı yolla həm də etiraf edirlər.

– Qulamrza müəllim, axı bu məsələyə bir qədər cəmiyyətdə ironik şəkildə yanaşanlar belə peyda olmuşlar.

– Güney Azərbaycanın milli enerjisinin gücü regionda yaşayan digər xalqlarda heç zaman olmamışdır. Bu enerji sadəcə sosial inqilablarla müşahidə olunmur. Sosial, iqtisadi, milli və mədəni hüquqsuzluq siyasəti uzun illərdir həm də Güney Azərbaycanın coğrafi sərhədlərinin kiçildilməsi, daraldılması ilə müşahidə olunmuşdur. Radikal fars şovinizminə söykənən siyasətin əsas düsturu da bundan ibarətdir. Ancaq, belə bir siyasət uzun müddət davam edə bilməzdi. Tarixin siyasi qabarmaları məhz bu fakta söykənir. Bunun tarixi-elmi konsepsiyasını bilməyənlər Güney Azərbaycan məsələsində hər zaman yalnışlıqlara yol vermişlər. Millətimizin adına süni şəkildə lider olmaq iddiası ilə çıxış edənlər Güney Azərbaycan Milli Davasına daha çox zərər verirlər. Onlar qlobal siyasi qavramları anlamaqda yetkin olmayan hərəkətlər edirlər. Güney Azərbaycan hər zaman dünyanın qlobal yeniliklərinə önəm vermişdir. Orta Şərqdə tarixdə ilk dəfə feodal dövlət quruluşundan birbaşa Ana Yasa qanunları və seçkili yolla dövlətin idarə olunması məhz Güney Azərbaycana aiddir. Səttarxanın başlatdığı “Məşrutə Hərəkatı” xanədanlıq siyasətindən dövlətin demokratikləşməsi istiqamətinə doğru atılan ciddi addımlardan biri hesab olunmalıdır. Ölkədə dövlət parlamentarizminin yaradılması, yerli idarəetmə və digər seçkili qurumların intişar tapması bütün bunların təsdiqidir. Mədəni-ədəbi proses baxımından Şərqdə ilk dəfə modern ədəbiyyat da Təbrizdə yaranmışdır. Tağı Rafətin, Cəfər Xameneyinin, Həbib Sahirin 1917-ci ildən başlatdıqları modern şeir elə bunun təsdiqidir. İlk dəfə elektrikləşmə sənayesi də Güney Azərbaycana məxsusdur. Heydər Xan Əmoğlunun 1910-1920-ci illərdə yaratdığı elektrik enerjisi təsisatları bunu bariz örnəyidir. Müasir tipli təhsil sistemi ilk dəfə Təbrizdə açılmışdır. Cabbar Baxçaban, Mirzəli Möcüz, Mirzə Həsən Rüşdiyyə və Hacı Məhəmməd Naxşıvaninin yaratdıqları məktəblər Orta Şərqin təhsil sistemi tarixində bir həqiqətdir. İranda ilk operanın müəllifi Evlin Baxçabandır. Müasir tipli ordu quruculuğuna ilk dəfə 1800-cü illərdə Abbas Mirzə Qacar başlamışdır. Bir sözlə dünyanın qlobal şəkildə nə kimi yenilikləri varsa, Orta Şərqdə bunun ilk tətbiqi Güney Azərbaycana məxsusdur. Güney Azərbaycan Orta Şərqdə yeniləşmə siyasətində hər zaman dominant rol oynamışdır. İndi Orta Şərqdə çox böyük miqyasda dəyişikliklər baş verir. İndi bu möhtəşəm prosesi hamı müşahidə edir. Diktator rejimlərindən demokratik dövlət quruluşlarına keçid prosesi həm də dünyanın qloballaşması ilə bağlıdır. İrandakı teokratik rejim özünütəcrid yolu ilə bu axının qarşısını ala bilməyəcək. İndiki şəraitdə ən güclü demokratik hərəkatın intişar tapdığı məkan da məhz Güney Azərbaycandır. İranın digər regionları, xüsusilə farslara məxsus bölgələrdə insanlar dəyişiklik tərəfdarı qismində çıxış etsələr də, onlar ənənəvi fars şovinizmi siyasətinin ladları üzərində yenlikçi kimi çıxış edirlər. Son illər Tehranda və İranın digər regionlarında vüsət alanYaşıllar Hərəkatı və onun liderlərinin baxışları tamamilə bunu təsdiq edir. Mirhüseyn Musəvi, Əbdülkərim Suruş, Möhsün Kədivər, Əkbər Gənci, Ayətulla Mühacirani, Əbdül Əli Bazarqan və digər liderlərin müxalifətdə olması belə ölkədə böyük dəstək qazanmamışdır. Son prezident seçkilərində Güney Azərbaycanda “Yaşıllar Hərəkatı” heç bir dəstək qazana bilmədi. Çünki, onların siyasi proqramında Güney Azərbaycan Türklərinin tələb və arzularına yer verilməmişdir. Onlar modern fars şovinizmi doktrinası üzrə hərəkət etməyi vacib hesab edirdilər. Beləliklə də bu müxalif siyasi hərəkat daha çox permanent xarakterini ortaya qoymuş oldu. Bu onların indiki şəraitdə Güney Azərbaycan məsələsinə ironik yanaşma tərzi türkün milli gücünə və siyasi iradəsinə gizli fars şovinizmi prinsipləri ilə yanaşmasından doğmuşdur.

– Bəs İranın teokratik rejiminə qarşı müxalifətdə olan qüvvələr həmin boşluğu doldura bilərləmi?

Çünki, Güney Azərbaycanda baş verən prosesləri önləmək üçün farslara məxsus digər siyasi mərkəzlər daha aktiv şəkildə hərəkətə keçmişlər. 1978-ci ildə Təbrizdə başlanan və sonradan bütün İrana yayılan inqilabi prosesdən yararlanmaqla sonucda fars şovinizminə söykəmli güclər qalib çıxdılar. Sanki, belə bir aqibətin yenidən gündəmə gəlməsi təhlükəsi hiss olunmaqdadır.

– Tamamilə doğru buyurursunuz. Hal-hazırda Qərb ölkələrində qatı fars şovinizmi və panrianizm xəstəliyinə tutulmuş şahçılar, xalqın mücahidləri, digər siyasi təşkilatlar daha da fəallaşmışlar. Onlar sanki Güney Azərbaycan Türklərinin Milli Hərəkatının vüsət alması fürsətini gözləyirmişlər. 1991-ci ildə Azərbaycan Respublikasının öz dövlət müstəqilliyinə qovuşması prosesi həm də milli diasporumuza ciddi təsir etdi. Öncələr İran mühacirləri adı ilə tanınan soydaşlarımız “paniranizm” düsturundan aralandı. Bu da öz növbəsində milli diaspor təşkilatlarımızın geniş şəbəkəsinin yaranmasına səbəb oldu. Güney Azərbaycanda isə milli mənlik və kimlik anlamı mədəni dəyərləri möhtəşəm bir səviyyəyə qalxmışdır. İndi Quzey Azərbaycanın dövlət müstəqilliyini 20 ildir mövcud olması, Güney Azərbaycanda Milli Hərəkatın intellektual səviyyədə genişlənməsi, xaricdəki diasporumuzun sosial şəbəkəyə çevrilməsi və Türkiyənin də Orta Şərq siyasətində strateji önəminin artması proseslərə qlobal mənada təkan verilməsi deməkdir. Bu da türkün yenidən tarixi gücünün artması ilə müşahidə olunur. İndi Avropada “xalqın mücahidləri”, “şahçılar” və digər fars şovinist çevrələri külli miqdarda vəsait xərcləyərək xeyli sayda televiziya, radio, internet və informasiya şəbəkələri yaratmışlar. Onlar siyasi, elmi, sosial, mədəni və hətta şou proqramları ilə İranın daxili siyasətinə nüfuz etməklə öz mövqelərinin güclənməsinə cəhd edirlər. İrandakı rejimin dəyişməsi üçün siyasi proseslərdə narazıları “qara cəngavərlər” hərəkatına cəlb etməyə çalışırlar. Bu, Güney Azərbaycan davası üçün çox təhlükəli bir strategiyadır. Biz Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi təşkilatı olaraq hal-hazırda sadalanan problemləri önləmək üçün çox mühüm tədbirləri həyata keçiririk. BMT-nin Cenevrədəki Baş Qərargahında GAMAC olaraq ilk dəfə olaraq dünyanın bu ali qurumunun rəhbərliyi səviyyəsində Güney Azərbaycanda milli hüquqlar və siyasi məhbuslar problemini gündəmə gətirmişik. Burada müntəzəm şəkildə hesabatların hazırlanmasında yaxından iştirak edirik. Güney Azərbaycanın tarixi coğrafi sərhədləri daxilində GAMAC-ın müvafiq stukturları yaradılmaqdadır. Biz 1905-1911, 1917-1920, 1945-1946 və 1978-1979-cu illərdə baş vermiş inqilabların sonucunda millətimizin ağır məğlubiyyətə uğradılması yönündə oynanılan siyasətlərin təkrar olunmasına imkan verməyəcəyik. GAMAC bir təşkilat olaraq Güney Azərbaycan Milli Davasını aparan bütün milli qurumlarla da əməkdaşlıq edir. İndiki məqamda paniranist çevrələr qılaflarını dəyişərək Güney Azərbaycan məsələsində “demokratik” mövqe tutacaqları barəsində tülkü kimi yağlı vədlərlə çıxış etməyə başlamışlar. Onları ən çox qorxudan əsas amil Güney Azərbaycan Milli Hərəkatının digər xalqlardan fərqli olaraq daha əzəmətli və qüdrətli olması faktıdır. Çünki, Güney Azərbaycan bütün inqilabi proseslərdə daim öndə olan avanqard qüvvə rolunda çıxış etmişdir. GAMAC-ın əsas fəaliyyət prinsiplərinə daxil olan mühüm faktor bütün dünya azərbaycanlılarının vahid güc şəklində birgə hərəkət etməsidir. Milli tariximizə diqqətlə baxsanız bunu əyani şəkildə də görmək mümkündür. Nə zaman Təbriz güclü olmuşdursa, Azərbaycan Türkü dünyanın ən güclü xalqlarından biri olmuşdur. Bu gün Təbriz zəif duruma düşdüyü üçün bizlər İrəvan, Zəngəzur, Dərələyəz, Dağ Borçalımızdan məhrum olmuşuq. Qarabağımız işğal altında inləyir. Təbrizin güclü olması əslində bu problemlərin tam həlli deməkdir.

(ardı var)

Söhbətləşdi: Ənvər YUSİFOĞLU
Bu xəbər oxucular tərəfindən 1150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed