Şrift:
Hazırkı dövrdə onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir
08.04.2020 [12:24] - Gündəm, Sosial
Dünyanı koronavirus infeksiyasının bürüdüyü hazırkı dövrdə xərçəng xəstələrinin narahatlığı bir az da artıb. Çünki virus digər ağır xəstəlikləri olan, immuniteti zəif insanlara daha pis təsir göstərir. Bəs karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanları məhdudlaşan xərçəng xəstələri nə etməlidir, immunitetlərini necə gücləndirməlidir?

Tibb Universitetinin Onkoloji Klinikasının onkoloqu, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova bildirib ki, mütəxəssislər COVID-19-un xəstə və immun sistemi zəif olan insanlarda daha ağır nəticələr verə biləcəyi barədə həmfikirdirlər. Ona görə də koronavirusa qarşı mübarizə çərçivəsində hər gün televiziya ekranlarında, kütləvi informasiya vasitələrində diqqətə çatdırılan qorunma amillərini nəzərə almaqla yanaşı, hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir. İmmuniteti gücləndirmək üçün sehrli bir dərman yoxdur. İmmuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida rasionunun tənzimlənməsidir: “Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də, hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik.

Əgər immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkmək, alkoqol qəbul etmək, çox aşağı kalorili pəhrizlər saxlamaq tövsiyə olunmur. Mexaniki işlənmiş qidalar qəbul etməmək, hər şeyin təbii olanını qəbul etmək, mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə - badam, qoz, fındıq yemək məsləhət görülür. Hər gün bir stəkan kefir, yaxud bir kasa qatıq içmək, bir yumurta yemək, qırmızı ətdən az istifadə etmək məqsədəuyğundur. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın.

Bundan əlavə, çoxlu su içmək tövsiyə olunur. İnsan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirmək üçün gündə azı 1,5-2 litr su içmək məsləhətdir.

İmmunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur. Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda, xüsusilə somon balığında, yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə Günəşdir. Yəni, bu qidalar və Günəşlə də D vitamininə olan ehtiyacı ödəmək olar.

Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin.

Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın.

Dünya miqyasında aparılmış tədqiqatlar stress səviyyəsi ilə immunitet arasında asılılıq olduğunu təsdiqləyib. Müşahidələrə görə, vərdiş etdikləri həyat tərzinin dəyişməsi - məktəblərin bağlanması, xarici ölkələrə səyahətlərin ləğv olunması, karantin rejiminin tətbiqi və s. bəzi insanlarda stresslərə yol açıb. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də, stressdən qorunun, internetdə yayımlanan hər informasiyaya uymayın, ancaq rəsmi qaynaqlardan məlumat alın, “EVDƏQAL” kampaniyasına dair xəbərdarlıqları nəzərə alaraq rahatlığınızı təmin edin.

Hamımız görürük ki, Azərbaycan hökuməti öz vətəndaşlarını COVID-19 pandemiyasından qorumaq üçün bir sıra vacib tədbirlər həyata keçirir. Bu halda biz vətəndaşların borcu intizamlı olmaq, özümüzün və ətrafındakıların sağlamlığını qorumaqla koronavirusla mübarizədə dövlətimizə yardımçı olmaqdır”.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed