Şrift:
Səbail rayonunda xüsusi karantin rejiminin tələblərini pozaraq gizli fəaliyyət göstərən kafe aşkarlanıb
09.04.2020 [12:18] - Gündəm, Hüquq
Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Səbail Rayon Polis İdarəsi və 41-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsindəki S.Məmmədov küçəsində yerləşən “Şərur” kafesinin xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərdiyi aşkarlanıb. Həmin kafenin sahibi Xətai rayonunda yaşayan Azər Nağıyev və obyektdə olan üç nəfər müştəri saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə gətirilib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilər barədə polis bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və onlar 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi A.Nağıyev barədə isə toplanan materiallara hüquqi qiymət verilərək qərar qəbul olunması üçün məhkəməyə göndərilib.
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed