Şrift:
Professor Surxay Hadıyev: Təcrid olunmaq xəstəliyin yayılmasının qarşısının alınması üçün ən vacib amildir
09.04.2020 [15:04] - Gündəm, Sosial
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxmuş xəstələr müalicə olunurlar. Xəstələr arasında ağır vəziyyətdə olanlar yoxdur.

Bunu klinikanın direktoru, professor Surxay Hadıyev deyib.

S.Hadıyev bildirib ki, yoluxanların sayının gündən-günə artması hər kəs kimi onu da bir həkim, vətəndaş kimi narahat edir: “Əlbəttə, bu, yaxşı əlamət deyil. Xəstəliyin yayılmasının qarşısını almaq üçün dövlət lazım olan bütün tədbirləri görür. Təəssüf ki, əhalinin karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı çətinliklər var. Xüsusilə yollarda maşınlara çox rast gəlinir. Təcrid olunmaq xəstəliyin yayılmasının qarşısının alınması üçün ən vacib amildir. Xəstəliyə yoluxanları müalicə etmək çox çətindir. Amma təcrid olunmaq, yoluxmamaq daha asandır. Yoluxmanın qarşısını almaq üçün ciddi nizam-intizam vacibdir. Lazım olmadığı hallarda evdən çıxmamaq, verilən vaxtdan izafi istifadə etməmək lazımdır. Qaydalara riayət olunsa, rejim qaydalarına əməl edilsə, xəstəliyin yayılmasının qarşısını ala biləcəyik.

Azərbaycanda koronavirus infeksiyası başqa ölkələrlə müqayisədə geniş yayılmayıb. Dövlət xəstələrin müalicəsi üçün bütün dəstəyi göstərir. Bizim klinika da süni tənəffüs aparatı, bütün ləvazimatlarla təmin olunub.

Çalışmalıyıq ki, bundan sonra xəstəliyə yoluxma sayları ilə bağlı statistik rəqəmlər artmasın, əksinə azalsın. Hamını karantin rejiminin qaydalarına əməl etməyə, nizam-intizamlı olmağa çağırıram. İnanıram ki, biz bu xəstəliyə birlikdə qalib gələcəyik”.
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed