Şrift:
Əməköməci müalicə vasitəsi kimi çox faydalı bitkidir
10.04.2020 [11:55] - Gündəm, Sağlıq
Çoxillik bitki olan əməköməci uzun saplaqları, ürəkvari yarpaqları və bənövşəyi çiçəkləri olan bitkidir. Ölkəmizdə onun on növü bitir və yabanı halda əkin sahələri, tarla, bağ, meşə, yol kənarlarında, həmçinin münbit torpaqlarda rast gəlmək mümkündür. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Yaxşı bal verən bitki hesab olunur.

Həkim-fitoterapevt Fizuli Hüseynov bitkinin müalicəvi xüsusiyyətlər haqqında məlumat verərək deyib ki, əməköməcinin tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə oluna bilər. Eyni zamanda, həmin selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyərək sağalmasını sürətləndirir və bu məqsədlə əməköməcinin dəmləməsi içilir: “Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir. Onun otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır. Həmçinin üz dərisində olan çivzə və ləkələri aparmaq üçün stəkanın yarısına qədər təzə əməköməci doldurulur, üzərinə su tökülür, blenderlə qarışdırılır, üz gündə iki dəfə həmin qarışıqla silinir”.

Həkim-fitoterapevtin dediyinə görə, qədim Misirdə əməköməci ginekoloji xəstəliklərin müalicəsində və zəhərlənmə əleyhinə tətbiq olunub. Müasir kulinariyada da bir sıra xörəklərin hazırlanmasında istifadə edilən bitkinin tibdə tətbiq sahələri genişdir: “Xalq təbabətində mədə-bağırsaq sisteminin qastrit, kolit kimi iltihabi xəstəliklərində, həzm pozulmaları, ishal, yanıq, dəri xəstəlikləri, yara, xora, konyuktivit və paradontoz zamanı müalicə vasitəsi kimi istifadə edilir. Əməköməcinin preparatları bronxolitik, bürüyücü və iltihab əleyhinə təsir göstərir və həmin xüsusiyyətlərinə görə yuxarı tənəffüs yollarının xəstəliklərində, xüsusilə də quru və üzücü öskürəklərdə çox faydalıdır. Bundan başqa, bitki həm də qanda şəkərin səviyyəsini azaltmaq qabiliyyətinə malikdir”.
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed