Şrift:
VƏTƏN FƏDAİSİ
10.04.2020 [19:05] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Ömür dedikləri çoşqun çay kimi,
Kükrəyib, köpürür, hər zaman gedir.
Ona bel bağlama o qədər də sən,
Bəzən açılmamış gül bağban gedir.
Ağarır dan yeri, ötür qumrovlar,
Min karvan gələrək, min karvan gedir.
Ey könül, fürsəti badə vermə gəl,
Gün keçir, ay keçir, il yaman gedir.
Yarat sən köçəndə qoy söyləsinlər ki,
Dünyadan nə gözəl bir insan gedir.

Ələkbər Talıbov haqqında yazmaq mənim üçün böyük məsuliyyət tələb edirdi... Çünki Ələkbər bəy elə insanlardandır ki, onun haqqında yazanda gözünün qabağına Azadlıq yolunda canında keçən şəhidlər, yaralar alıb əlil olan əlillər və bir də o günün qəhrəman iştirakçıları gəlir. Onlar haqqında yazmaq kimsəyə asan gəlməsin.
Kim idi Ələkbər Talıbov?
Talıbov Ələkbər Hacı Məmmədəli oğlu;7 avqust 1953, Neftçala rayonu, Bankə qəsəbəsi) – “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə (2000 və 2010-cu illər) Prezident təqaüdçüsü, Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı. Bu onun tərcümey-halıdır!!!
“Azadlıq uğrunda mübariz”, Qarabağ döyüşləri iştirakçısı... Yəqin ki, diqqətli oxucuya aydın olur ki, nəyə görə onun haqqında yazmağa çətinlik çəkdim.
20-25 yanvar 1990-ci il... Həmin ilin bu günləri arasında Azərbaycan tam mühasirədə idi. Bir neçə şəhərdə qanlar töküldü... Millətimiz şəhid verdi... Təpədən-dırnağa qədər silahlanmış SSRİ (Rusiya) hərbi birlikləri bizim Haqq səsimizi batırmaq üçün yenidən silaha əl atdı. Bakıda tökülən qandan doymayan SSRİ hərbi rəhbərliyi Neftçala, Cəlilabad və Lənkərana doğru yan aldı. Bu üç rayon cəzalandırılmalıydı. Cəzalandıranlar içərisində erməni zabit və əsgərləri də var idi. Sanki 1918-ci il Muğan hadisələri yenidən təkrar olunurdu. Nəyə görə Neftçala, Cəlilabad və Lənkəran? Çünki bu rayonlarda aktivlik çox yüksək idi. Fədailər dəstələri yaranmışdı. Bu dəstələrin önündə də Ələkbər Talıbov kimi oğullar gedirdi. Bu fədai dəstələri mənfur erməni işğalçılarına qarşı döyüşmək üçün yaradılmışdı. Bu üç rayonun üçündə də həmin fədai dəstələrində olan oğullar Azərbaycanın müstəqilliyi uğrunda, erməni-rus işğalçılarına qarşı mübarizədə canlarından keçməyə hazır idilər. Neftçalada Ələkbər Talıbovun o zamankı fəaliyyətini izləsəniz, nə yazdıqlarımın fərqində olarsınız. Bu üç rayonu cəzalandırmaq əmri birbaşa Qanlı yanvar qırğınının təşkilatçıları SSRİ rəhbərliyindən gəlmişdi. O zamankı SSRİ DTK arxivlərində bununla bağlı sənədlər vardır. Təəssüf ki, bizdə hələ də Neftçala, Cəlilabad və Lənkəran qırğınları yetərincə araşdırılmayıbdır. Biz həmişəki səhvləri yenə də davam etdiririk. Axı o dövrün şahidləri bir-bir dünyasını dəyişir. Kimdən əldə edə bilərik onların verəcəyi məlumatları? Baxın, biz 1905-07 və 1918-ci il qırğınlarını daha çox kənar mənbələrdən öyrənirik. O vaxtkı insanlardan əməlli-başlı məlumatlar da götürməmişik. İndi yenə də eyni səhvlərə yol veririk? Haradan tapacaqsınız Ələkbər Talıbov kimi çanlı şəhidi? Belə insanlardan Cəlilabadda da var, Lənkəranda da... Vaxtilə o zamankı Cəlilabad Milli-Azadlıq düşərgəsinin qəhrəmanlarından olan Miralim Bəhrəmovu Bakıda dəfn edəndə çıxışımda dedim ki, ay dəfn iştirakçıları, bu gün biz, gecə saat 11-də Miralim Bəhrəmaovu dəfn edirik. Cəmi 20 nəfərik. Ətrafda hamı sakitcə uyuyur, yaxud evlərində rahat oturublar. Bəziləri də əyləncədə kef edirlər. Onlardan kimsə bilmir ki, biz kimi dəfn edirik. Onlar bilməliydilər ki, bu günki rahatlıqları məhz Miralim bəy kimilərin hesabına oldu. Məhz, Miralim kimilərin hesabına biz yenidən müstəqilliyə qovuşduq.
Ələkbər Talıbov da belə insanlardan idi... İctimaiyyət hələ də anlamadı ki, kimi itirdi? Canlı şəhidlərdən birini də itirdi? İtirə-itirə gedirik... O zaman ayılacağıq ki, ay aman, o şahidlərdən kimsə qalmadı... Həm də necə şahidlərdən... İndi çoxları özünü bizə o dövrün qəhrəmanı kimi sırıyır. Çoxları yalandan Qarabağda döyüşdüyü haqqında kitablar yazdırır, yalançı medallar gəzdirir... Bir dəfə bir çeçen dostum mənə dedi ki, biz və siz ilk zamanlar mərd oğullarmızı qoruya bilmədik. Onları aslanlara, qurdlara bənzətdi, çeçen dostum... Dedi ki, biz də, siz də, ilk döyüşlərdə aslanları, qurdları itirdik... Nəticədə leş yeyən çaqqallar, tülkülər ortada qaldı və onların qəhrəmanlıqlarına sahib çıxmağa başladılar. Amma biz indi aslanları və qurdları qorumalıyıq... Onlar gələcəkdə bizə lazımdırlar... Başa düşdüm ki, nəyi nəzərdə tuturdu... Belə aslanlardan, qurdlardan biri də Ələkbər Talıbov idi... Biz o aslanı, qurdu neçə tanıdıq? Onun mübarizə yolunu kimlərəsə təqdim edə bildikmi? Xatirələrini yaya bildikmi? Təkcə onu deyil, Azadlıq yolunda döyüşən və şəhid olan, əlil olan bütün aslanları, qurdları nəzərdə tuturam...
Baxın, 20 yanvar qazisi olan Ələkbər Talıbov yenə də ön cəbhədədir. Qarabağ savaşında iştirak edir... Vəfat edənə qədər də bu arzu ilə yaşayır. Bildirir ki, “Mən əliləm. Bu yaşımda belə Qarabağ savaşında vuruşmağa hazıram. Təki torpaqlar yağı tapdağından azad edilsin”. Bunu böyük ürək sahibi deyə bilər!!! Bunu Əhli-beyt (ə) məktəbi keçən bir insan deyə bilər. Ələkbər Talıbov başqa cür də ola bilməzdi. Məktəb illərindən imam Hüseyn (ə) cəsarətini ürəyində yaşadan bir insan məhz bu cür olmalıydı. Əhli-beyt (a) aşiqləri başqa cür ola biməzdi... Belə aşiq idi Ələkbər Talıbov... O, yenə də döyüşərdi....
Mən onu uzaqdan-uzağa tanıyırdım... Çünki onlar rayonda fəaliyyət göstərirdilər. Ara-sıra Bakıya gəlirdilər... Amma 20 yanvardan sonra Neftçala qəhrəmanlarını və qəhrəman şəhidlərini tanıdıq...
Əsl komandir idi Ələkbər Talıbov... Həyatı boyu da komandir oldu...
P.S.Belə insanların həyatı barədə xüsusi araşdırmalar aparılmalı və gənc nəslə təqdim edilməlidir... Çünki onların həyatı Vətən, Dövlət, Millət yolunda mübarizə aparanlar üçün ən böyük dərs vəsaiti olardı!!!

Dilavər Əzimli
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed