Şrift:
"ABŞ Ədliyyə nazirliyinin münasibəti təklifimin ciddiyə alınmasını zəruri edir..."
15.04.2020 [11:43] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə müsahibəni təqdim edirik:

- Fərəc bəy,pandemiyayadan sonrakı dönəm başlayır və hər kəs yeni dövrə hazır olmalı demək mümkünmü?

- Pandemiyaya qədər də dünyada təməl trendlər dəyişərək dövlətin və həyatın yeni təbiətini müəyyənləşdirmək zərurəti yaratmışdı. Sərt gücdən yumşaq gücə keçid daha cəlbedici idi.Artıq istehsal-istehlak-böyümə düsturu da yetərsiz kimi görünürdü. Bütün bu təməl parametrlər içərisində, texnologiyadakı dəyişimlər; süni zəka, və mobillik mərkəzli inkişaf bütün insan həyatını və təbiətini dəyişdirməyə namizəd idi. Pandemiya hazırlıq dövrünü qisaltdı.

Koronavirus pandemiyası dünya iqtisadiyyatına ağır zərbə vurdu və bundan sonra daha ciddi problemlər, çöküşlər, iflaslar gözlənilir.Sadaladığım və daha yeni çağırışlar aktuallaşdı.
Bir çox beynəlxalq maliyyə qurumları böyük böhranın başladığını gizlətmirlər.
BVF-nun prezidentinə görə, koronavirusa qarşı ən həssas iqtisadiyyatlar yüksəlməkdə və inkişaf etməkdə olan ölkələrdir.Dünyanın bir sıra transmilli şirkətlərinin iflas edəcəyi, çox sayda iş yerlərinin bağlanacağı, sosial narazılığın artacağı da istisna edilmir. Ən çox zərəri isə iqtisadiyyatını tam formalaşdıra bilməyən ölkələr görəcəklər. Ona görə pandeiya sonrakı dövr üçün ciddi hazırlıqlar başladılmalıdı.Neft ölkəsi olmamız və neft ətrafında baş verənlər dövrün trendinə uygun davranış tələb edir.Yaxın dövr üçün ölkəmizdə iqtisadiyyatının ən geniş sahəsi sayılan fərdi sahibkarların və işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər təqdirəlayiqdir. Perspektiv üçün isə yalnız mikro iqtisadi elementlərin dəstəklənməsiylə kifayətlənmək olmaz. Ayrılıqda bu addımın qarşılaşacağımız böhran dövründə ölkə iqtisadiyyatının inkişafına, yaxud özünü toparlarmasına təsiri yetərli olmayacaq.
Makro sahibkarlıq subyektləri qorunmaqla fərdi sahibkarlığı da çətin vəziyyətdən qurtarmaq olar.Bunun üçün isə böyük vəsaitə ehtiyac var. Çünki mikro sahibkarlıq sahələri böyük istehsal sahələrindən qidalanır.

Biz aqrar-sənaye ölkəsiyik və ölkə əhalisinin 41%-nin məşğulluq sahəsi kənd təsərrüfatıdır. Bura qoyulan vəsait həm bu 41% əhalin işlə təminatı, həm də böhran dönəmlərində əhalinin ərzaqla təminatını problemini həll etmiş olur. Ona görə də ərzaq təhlükəsizliyi ilə bağlı müraciətimdə bu sahəyə yönəlik təkliflərimi önə çıxarmağa çalışdım.

- ABŞ Ədliyyə nazirliyi iki gün əvvəl koronavirusu bioloji silah adlandırdı və onu terror vasitəsi saydı. Maraqlıdr siz aprelin əvvəlində xaricdə yaşayan soydaşlarımız və mütəxəssislərimizə müraciətdə bu virusun özü və ya mutasiyaya uğrayacaq formasının bioloji silah kimi işlədilə bilməsini və Azərbaycanın önləyici tədbirlər üçün hazırlıqlı oımasına çağırış etmişdiniz.

- Doğrudur.Çağırışımda dediyiniz məsələyə yönəlmiş təklifim də öz əksini tapmışdı. Bildirmişdim ki,proseslərə Azərbaycanda olan alimlərimiz, həkimlərimiz cəlb olunubdu . Amma həm də xaricdə olan alimlərimizin də- virusoloqların, hemotoloqların, toksiqoloqlarımızın, başqa sahənin mütəxəssislərinin, genetika ilə məşğul olan alimlərimizin virtual formada olsa da həftədə bir dəfə müşavirə keçirməsi mümkündür. Elektron formada artıq bir qərargahın yaranması mümkündür. Onlar yaşadıqları ölkələrdə olan təcrübəni bir-biri ilə bölüşərək Azərbaycanda bir sistemin qurulmasına kömək edə bilərlər. Bunu ölkədə yaradılmış qərargahın nəzdində ciddi şəkildə daimi fəaliyyət göstərən bir quruma da çevirmək mümkündür. İnternet üzərindən bu fəaliyyəti göstərmək məncə çətin deyil. Xüsusən molekulyar biologiya ,genetika ilə məşğul olan alimlərimizin axtarışlarını stimullaşdırmaq lazımdır. Eynən bu cür ifadə etmişdim ki,biz başqalarından çox şey gözləməyək. Örnək verdim ki ,ikinci dünya savaşında Yusif Məmmədəliyevin oktan ədədi ilə bağlı etdiyi yenilik və ixtira ,reaktiv mərmilərin hazırlanması ilə bəlkə də dünyanın taleyini yaxşıya dəyişdi. Tibb sahəsindəki alimlərimiz də dərmanların tapılması, vaksinlərin hazırlanması üçün müəyyən işlər görə bilərlər .Artıq müəyyən tədbirlər görülməlidir ki, gələcəkdə biz bioloji silaha qarşı mübarizə mərkəzinin yaranması ilə bağlı indidən bir təməl qoyaq. Düşünürəm ki, gələcəkdə Müdafiə Nazirliyinin, və ya Fövqəladə Hallar Nazirliyinin nəzdində daimi və məxfi fəaliyyət göstərən belə bir mərkəzin olması vacibdir. Önləyici tədbirlərin görülməsi üçün bugünkü virusun yoluxmuş adamlardan materialların götürülüb kantenirlərdə yerləşdirib gələcəyə saxlamaq vacibdir. Gələcəkdə bu virusun özünün müəyyən qədər dəyişikliyə uğraması, mutasiyadan sonra yeni növlərin ortaya çıxması məqamında bu lazım ola bilər. Biz müharibə aparan ölkəyik. Bizi təhdid edən şəraitlərdə biz bu materiallardan , bioloji silahlara qarşı işilədilə biləcək müəyyən dərmanların hazırlanması üçün istifadə edə bilərik. Yuxarıda göstərilənlər müraciətimdə prioritetlərdən idi.Hər halda sistemli tədbirlər görməliyik, hazırlığımız olmalıdır. ABŞ Ədliyyə nazirliyinin son günlərdəki bu münasibəti məncə, təklifimin müvafiq strukturlar tərəfindən daha da ciddiyə alınmasını zəruri edir.

- Bəzən təkliflərinizi mətbuatda bilməyərəkdən və ya qəsdən təhrif olunmuş şəkildə təqdim edənlər də tapılır. “Yeni Müsavat”-a verdiyiniz müsahibədən bəzi saytların “çıxarış”etdiyi kimi.Bu jurnalistin peşəkar olmamasıdır,yoxsa qərəzdir?

- Məlum şəbəkənin məlum mübarizə formasıdır. Mən “Yeni Müsavat”-a müsahibə vermişdim.Müsahibədə söhbət Milli Şuranın daim ittihamçı və etirazçı olmasından gedir.Məlum şəbəkə əllərində olan saytcıq və internet tv-lərdə bilərəkdən bu müsahibədən bir abzasdan seçmələr edib,fikirləri təhrif edərək təqdim ediblər və bunu tərəfimdən əhaliyə ünvanlanmış fikir kimi təqdim etməyə çalışıblar. Müxbir soruşur ki- Daxildə proseslərə kölgə salmağa cəhd edənlərin olduğunu qeyd etdiniz, kimləri nəzərdə tutursunuz?

Bildirirəm ki- Özünü radikal adlandıran qüvvələrin, xüsusilə, Milli Şura üzvlərinin çağırışlarının, insanları çaşdıran bəyanatlar vermələrinin hər kəs şahididir. Milli Şura bir sahəyə beş manat verilməsin istəyir,verirsən, deyir on beş manat verməlisən, yaxud hansısa sektorun inkişafı ,məşğulluqla bağlı vəsait ayrılırsa, deyir bu gün iş yerinə ehtiyac yoxdur. Dünənə qədər sən məşğulluq tələb edirdin, indi fərqli yanaşma ortaya qoyursan. Heç öz tələblərinə münasibətdə də ciddi davranmırlar. Belə yanaşma olmaz . Təhrif,montaj,sosial şəbəkələrdə təhqir və s bunların adətidir .Bir daha bildirirəm həssas dönəm yaşayırıq, ölkənin taleyindən söhbət getdiyini qətiyyən unutmaq olmaz. İnsanları isə çox qisa zaman çərçivəsində çaşdıra bilərlər.Mən 03 apreldə əhalinin maraqlarını özundə daha ətraflı ifadə edən ərzaq təhlükəsizliyi ilə bağlı müraciət etmişəm,əhali mövqeyimi bilir.
Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed