Şrift:
Böyük Britaniyada karantin rejimi azı üç həftə uzadılıb
17.04.2020 [08:23] - Gündəm, Siyasət
Böyük Britaniyada yeni koronavirusun yayılması ilə bağlı elan olunan karantin tədbirləri ən azı üç həftə uzadılıb.

Britaniya KİV-ləri xəbər verir ki, bu barədə Baş Nazir vəzifələrini icra edən Daxili İşlər naziri Dominik Raab jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Tətbiq edilən tədbirlərin effektiv olduğu barədə məlumat verilir... Hazırkı şəraitdə istənilən dəyişiklik vəziyyətin pisləşməsinə səbəb ola bilər. Tədbirlərin vaxtından əvvəl zəiflədilməsi həm ictimai sağlamlıq, həm də iqtisadiyyatın vəziyyətini ağırlaşdırar. Bu səbəbdən hökumət tədbirləri ən azı üç həftə uzatmaq barədə qərar qəbul edib”, - deyə Dominik Raab bildirib.

Nazir, həmçinin karantinin yumşaldılması üçün beş şərti də açıqlayıb: Milli Səhiyyə Xidmətinin xəstə axınının öhdəsindən gələ biləcəyi barədə əminlik; ölüm hallarının daimi və inamlı azalması; virusun yayılması səviyyəsinin idarəolunan həddə çatması barədə ciddi sübutlar; bütün vacib resursların və testin yetəri həcmdə olması; karantin tədbirlərinin zəiflədilməsinin yoluxmanın ikinci dalğasına səbəb olmamasına dair əminlik.

Xatırladaq ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 21:00-a olan məlumatına əsasən, dünyada 2 milyon 143 mindən çox yoluxma və 143 min 258 ölüm faktı qeydə alınıb, 540 min 41 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Böyük Britaniyada indiyə qədər yeni koronavirusa yoluxanların sayı 103 min nəfəri ötüb, 13 min 729 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed