Şrift:
Paytaxtda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır
18.04.2020 [12:48] - Xəbərlər, Siyasət
Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədilə şəhərin bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, görülən tibbi-profilaktik tədbirlərlə yanaşı olaraq aprelin 18-dən etibarən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası tərəfindən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq sanitariya və epidemiologiya üzrə mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasına başlanılıb. İşlər qrafik əsasında həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05:00-dan başlayaraq aparılır.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı, öz təşəbbüsləri ilə paytaxtın dezinfeksiya işlərinə də qoşularaq bu işlərə səkkiz ədəd avtonəqliyyat vasitəsi ayırıb. Onlar da bu gündən dezinfeksiya tədbirlərində iştirak edirlər. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin də üç ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib.

Eyni zamanda, paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparılıb. Görülən işlərin xüsusi kimyəvi maddələrlə aparıldığından əməkdaşların sağlamlığının qorunması məqsədi ilə bu işlərdə iştirak edən əməkdaşlar xüsusi qoruyucu geyim, maskalardan əlavə süd və ayranla da təmin olunublar.

Bu işlərlə yanaşı, gündə iki dəfə departamentin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.

Bir sözlə, şəhərin özünün təmizliyi elə özü bir sağlamlıqdır.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed