Şrift:
Hicab aksiyası və «Səhər-2»yə qadağada üç pərdəarxası məqam (TƏHLİL)
09.10.2012 [12:09] - Siyasət, DAVAMın yazıları
İran İslam Respublikasında axır ki, «Səhər 2» telekanalını görənlər tapıldı. Söhbət qonşu dövlətin Ali Milli Təhlükəsizlik Şurasının kanalın Azərbaycanla bağlı siyasi yönümlü verilişlər hazırlamasına qoyduğu qadağadan gedir. Məsələyə üç cəhətdən yanaşmaq istərdim.

Birinci cəhət

Bir sual yaranır ki, indiyədək İran rəsmiləri harada idilər? Axı, «Səhər-2»nin ölkəmizlə əlaqədar mənfi təbliğatı heç də yaxın iki-üç ilin söhbəti deyil. Azərbaycanda müxtəlif vaxtlarda kanala qarşı çoxsaylı etirazlar da bildirilib. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə. Amma faydası olmayıb. «Səhər-2» qadağa ilə susdurula bilirsə, bu, nə üçün daha əvvəldən reallaşdırılmayıb?

Zənnimcə, «Səhər-2»yə münasibətdə tədbir görmək İran dairələrinə heç vaxt lazım olmayıb. Əksinə, kanal zaman-zaman İslam Respublikasının şovvinist dairələrinin bir növ, təbliğat maşını rolunu oynamaqla «müstəsna» missiya yerinə yetirib. Tehran rəsmiləri dəfələrlə media orqanında səslənmiş fikirlərin onların mövqeyi olmadıqlarını bildirmək kimi diplomatik manevrlərə əl ataraq məsələyə real qiymət verməyiblər.

"Təəssüflər olsun ki, "Səhər" telekanalı siyasi mövzulara toxunmaqla Azərbaycan rəhbərliyində belə təəssürat yaradıb ki, guya, bu kanal Azərbaycanda çevriliş etmək niyyətindədir. Bu səbəbdən Ali Milli Təhlükəsizlik Şurası "Səhər" kanalında ancaq mədəni-ictimai verilişlərin yayılmasını qərara alıb". Yenə də xatırladaq ki, ötən həftə səslənmiş bu fikirlərin müəllifi İranın Azərbaycandakı səfiri postuna namizədliyi təqdim olunmuş Möhsin Pak Ayin Şərqidir.

Səfirliyə namizədin söylədikləri həm onun bəyanatının, həm də bəyanatı şərtləndirən «Səhər-2»yə qadağa qərarının tez-tələsik çıxarıldığını deməyə əsas yaradır. Çünki Şərqinin bildirdiklərində siyasi qüsur nəzərə çarpır. Axı Azərbaycan rəhbərliyi heç vaxt ağlına gətirməyib ki, «Səhər-2» ölkəmizdə çevriliş gerçəkləşdirməyə hazırlaşır, yaxud da bunu edə bilər. Hər halda respublikamızda kimsə bir telekanalın çevrilişə imza atacağını düşünəcək qədər sadəlövh deyil. İran isə günahı «Səhər-2»nin üzərinə qoymaqla bir növ, olub-keçənləri silib atdığını zənn edir.

Onu da deyək ki, rəsmi Bakı İrandakı müəyyən dairələrin Azərbaycana münasibətdə təxribatçı meyllər gerçəkləşdirdiklərini dəfələrlə bildirib, amma söhbəti çevriliş üzərində qurmayıb. Bəlkə də məhz çevriliş məsələsini ciddiyə almayıb. Sən demə, İranda bu barədə ciddi-ciddi düşünənlər olub və «Səhər-2»nin mövcud məqsədə çatmaq üçün mühüm vasitələrdən biri olaraq dəyərləndirilməsi də göz önündədir. Hər halda Möhsin Pak Ayinin sözlərindən belə bir nəticəyə gəlmək mümkündür. Yaxşı bəs, birdən-birə nə oldu ki, Tehran öz fikrindən daşındı? Axı ola bilməz ki, cənub qonşumuz bizi önəmsəməsin.

Məsələyə aydınlıq gətirmək üçün son günlər Azərbaycan və İran arasındakı münasibətlərə diqqət yetirmək zərurəti yaranır. Əslində mövcud sahədə kifayət qədər anlayışlı durum formalaşıb. Yəni, rəsmi səviyyədə hər hansı diskonfort müşahidə edilmir. İranda həbsdə olan azərbaycanlı şairlərin azadlığa buraxılmaları, eləcə də Azərbaycanda İrana casusluqda ittiham olunan şəxslərlə bağlı yüngülləşdirici tədbirlərin seçilməsi vəziyyətin normallaşdığını söyləməyə əsas verir. Belə bir məqamda Təhsil Nazirliyinin önündə bir qrup şəxs orta məktəblərə hicabla gəlməyin aradan qaldırılmasına qarşı çıxır. Özü də olduqca radikal tərzdə. Aksiyanın elementlərinə nəzər salanda hiss olunurdu ki, olay çox ustalıqla hazırlanıb.

İlk baxışdan düşünülə bilərdi ki, hadisəni planlaşdıran İrandır. Ölkəmizdəki bir sıra oxşar aksiyaların cənub qonşumuz tərəfindən idarə olunduğuna dair bilgilərin cəmiyyətdə özünə yer tapması məsələyə başqa yozum yeri də qoymur. Bəli, İslam Respublikası həmişə çalışıb ki, Qərbə inteqrasiya yolu tutmuş Azərbaycanı dini fundamentalizmin məngənəsində boğulan məmləkət olaraq göstərsin. Ölkəmizdə hər zaman bir islam inqilabının ola biləcəyi görüntüsü yaratmaqla buradakı Qərb kapitalını daimi təhdid içərisində saxlamaq İrana tam sərfəli olub və indi də sərfəlidir. Amma Təhsil Nazirliyinin önündə baş vermiş aksiyada Tehranın əlinin olduğunu söyləmək yerinə düşmür. Çünki İran olaydan sonra konkret addım atdı - Azərbaycan ictimaiyyətinin illərdir, tənqid hədəfinə çevirdiyi «Səhər-2»yə ölkəmizlə bağlı qadağa qoydu. Bu qadağa respublikamıza yönəlmiş kifayət qədər böyük jestdir. Amma başlıca məqam heç də yalnız dövlətimizə və xalqımıza xoş məramın ifadəsində deyil. Məlum yasaq «hicab aksiyası»nın məhz təşkilatçılarının istəklərinə qarşı çox ciddi zərbədir. Görünür, hadisələrin bu şəkil almasını labüdləşdirən səbəblər də ciddidir. Tehran zaman-zaman ölkəmizə hesabladığı əks-təbliğat maşınından imtina qərarına elə-belədən gəlməzdi. Fikir verin, Təhsil Nazirliyinin önündəki aksiyanın ertəsi günü məlum qadağa barədə xəbər yayılır. Bəs, ciddilik nədədir?

İkinci cəhət

Azərbaycan bölgədə neytrallığını qoruyan, bunu çox məharətlə həyata keçirməyi bacaran ölkədir. 1993-cü ildən bəri yeridilməkdə olan balanslaşdırma xəttində hər hansı sapmalar istisnadır. Baxmayaraq ki, beynəlxalq siyasi müstəvidə ölkəmizə yönələn təpkilər, onu yolundan döndərmək cəhdləri mövcuddur. Məsələn, müxtəlif vaxtlarda Azərbaycanın Qərbin, o cümlədən ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyatlarında plasdarsma çevriləcəyinə dair fikirlər səslənib. Hər dəfə də rəsmilərimiz Tehranı əmin ediblər ki, ölkəmiz özünün nə hava, nə də quru məkanını qonşusuna yönələn hər hansı aksiya üçün istifadəyə şərait yaratmayacaq. Təbii ki, zaman-zaman İrana bu əminliyi eşitməkdən və rahatlanmaqdan çox, respublikamızdakı mənafelərini həyata keçirmək lazım olub və öncədən vurğuladımız kimi, məqsədinə uyğun «işlər» də görüb.

Amma beynəlxalq siyasi şərtlər sürətlə dəyişir və nə vaxtsa neytrallığımızı özünün milli maraqları baxımından qiymətləndirməyən İran artıq həmin bitərəfliyin gələcəkdə də qorunması üçün bir növ, etibarlı təminat arzusundadır. Buna görə də dövlət müstəqilliyimizə hörmətlə yanaşmağa başlayıb. Diqqət yetirək, «Səhər-2» suverenliyimizə şübhə yaratdığından yasağa məruz qalır.

Demək olarmı ki, bu, dünyanın bir çox ölkələrinin İrana maliyyə cəbhəsi açdıqlarından, qonşumuzun iqtisadi durumunun ürəkaçan olmamasından irəli gəlir? Bəlkə mövcud situasiyada ölkəmiz İran mallarının satış bazarı baxımından ən yaxın və mühüm məntəqədir deyə Tehranın siyasətində yumşalmalar yaranıb. Bütün bunlar haradasa nəzərə alına bilər. Ümumən isə İranda acınacaqlı halın yaşandığını söyləmək mümkünsüzdür. Hazırkı qlobal şərtlər Tehranın vurulacağını söyləməyə də əsas vermir. Yəni, indiki vəziyyətdə ABŞ Suriyanı qoyub İslam Respublikasını hədəfə almağı ağlından keçirəcək kimi görünmür. Həm də ona görə ki, Suriya Birləşmiş Ştatlar üçün əməlli başlı kabusa çevrilib. Və son zamanlar Yaxın Şərqdə baş verənlər, o cümlədən Türkiyənin artan fəallığı onu deməyə əsas verir ki, Vaşinqton bölgəni bir-birinə qarşı qoymaq niyyəti güdür. İran isə çox güman, düşünür: Azərbaycanın illərdən bəri qoruduğu neytrallıq məhz bu sınaqdan çıxmalıdır. Hər halda Suriya üçün aktiv mübarizəyə girişmək əzmində olan ölkə əmin olmalıdır ki, ona arxadan, yəni strateji cəhətdən mühüm coğrafi mövqedə yerləşən ölkəmizdən zərbə gəlməyəcək.

Məlum olduğu kimi, ABŞ-ın regiondakı müttəfiqi olan Türkiyə Suriyaya girmək barədə qərar verib. Bu, Suriya tərəfindən Türkiyənin sərhədyanı bölgələrinin atəşə tutulması ilə bağlıdır. Amma Bəşər Əsədin ölkəsinə səpələnmiş əleyhidarları ilə mübarizə apara-apara eyni zamanda Ankaranı hədəf götürməsi real görünmür. Deməli, Suriyadan Türkiyəyə güllə atılmasını istəyən üçüncü qüvvələr var. Belə görünür, Azərbaycanın Təhsil Nazirliyi önündə iğtişaşlar yaradanlar da elə üçüncülərdir. Onlar çalışa bilərlər ki, respublikamızdakı anti-iran cəbhəsini qızışdırsınlar və bizlərdə cənub qonşumuza olan antipatiya daha açıq müstəviyə qədəm qoysun. Nəticədə İrana qarşı sərt mövqe sərgilənməsinə gerçək zəmin yaransın və beləcə ictimai rəy ölkəmizin plasdarma çevrilməsini diqtə edən tərzdə formalaşsın.

İİR isə «Səhər-2»yə qadağası ilə nə vaxtsa özünün Qərbə nümayiş etdirdiyi mövqeyində köklü dəyişiklik apardı ki, Azərbaycan ABŞ-ın müttəfiqi sayılan, dost-qardaş bildiyi Türkiyənin yanında dayanmasın, onun istəklərini yerinə yetirməsin. Nəhayət, ölkəmizin neytrallığı pozulmasın. Bölgədə dəyişməkdə olan reallıqlar fonunda Azərbaycanın mövcud siyasi baxışlarını saxlaması Tehran üçün son dərəcə vacibdir. Məqsəd isə alidir: Rusiya ilə birgə Yaxın Şərqdəki proseslərdə fəal iştirak edərək son dərəcə mühüm məntəqə sayılan Suriyanı qorumaq. Bəşər Əsəd rejimi devrilsə, ABŞ-ın növbəti hədəfinin İran olacağı şübhəsizdir. Məhz buna görə də Tehrana Birləşmiş Ştatların və onun müttəfiqi Türkiyənin təsirinə düşməyəcək etibarlı Azərbaycan daha çox lazımdır, nəinki onun müstəqilliyinə şübhə ilə yanaşmaq, respublikamızda hansısa radikal dəyişikliklərə ümid etmək.

Üçüncü cəhət

Haqqında danışdığım məsələnin birbaşa Azərbaycanla bağlı, daha doğrusu ölkəmizin üzərinə düşən hissəsinə keçid almaq istərdim. Məlumdur ki, respublikamızda İran əleyhinə ideoloji-mənəvi cəbhə mövcuddur. Cəbhənin bəzi nümayəndələri heç də hansısa siyasilik axtarmırlar. Onlar məsələlərə ikiyə bölünmüş vətən müstəvisindən yanaşır və Azərbaycanın bütövləşməsi ideyası ilə çıxış edirlər. Amma demək olmaz ki, belələrinin içərisində əmrləri okeanın o tayından almayanlar yoxdur. İİR «Səhər-2»yə Azərbaycanla bağlı siyasi təbliğat aparmağı yasaqlayırsa, çox güman, ölkənin digər kütləvi informasiya vasitələri də bundan lazımi dərs götürəcəklər. Bəs, Azərbaycan anti-iran yönümlü mediasına nəzarət edə biləcəkmi? Etiraf edək ki, həmin mediaya xaricdən direktivlər gözləyənlərin müxtəlif formalı təsirləri var. Azərbaycanda söz və mətbuat azadlıqlarına həssas yanaşılır və bu dəyərləri dərinləşdirmək istiqamətində addımlar atılır. Sözüm ondadır ki, bizdə qadağa mühiti qəbuledilməzdir. Bəs, mövcud durumda cənub qonşumuzun jesti önündə nə edəcəyik, hazırda barəsində düşünülməli əsas məsələlərdən biri budur. Tam mümkündür ki, ölkəmizdə mənəvi tellər üzərində bazarlıq edib İran əleyhinə qatı təbliğat aparan bəzi KİV-lər fəaliyyətlərini daha da intensivləşdirsinlər. Belədə heç şübhəsiz, onları hansısa şəkildə qınağa çəkmək istəkləri xaricdəki havadarları tərəfindən Azərbaycanda söz və mətbuat azadlıqlarının boğulması faktı kimi dəyərləndiriləcək. Məsələnin ikinci tərəfi İrandır. Əlbəttə, İslam Respublikası da ölkəmizdə İranın bütövlüyünü şübhə altına alan fikirlərin səslənməsini istəməyəcək. Loru desək, mən kəsdim, sən də kəs.
Əvəz RÜSTƏMOV.
Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed