Şrift:
Abşeron rayonunda 23 küçə və yol təmir olunur
21.04.2020 [11:24] - Gündəm, İqtisadiyyat
Abşeron rayonunda uzunluğu 29,2 kilometr olan 23 küçə və yol təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamı əsasən, AAYDA tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. Sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 19,7 milyon manat ayrılıb. Agentlik tərəfindən rayonun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kvadratmetrdir.

İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Artıq sözügedən işlər çərçivəsində Mehdiabad qəsəbəsində uzunluğu 2 kilometr, sahəsi 16 min kvadratmetr olan Qara Qarayev, həmçinin Masazır kəndində uzunluğu 0,7 kilometr, sahəsi 4500 kvadratmetr Şıxəli Qurbanov küçələri əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Masazır kəndində uzunluğu 1,8 kilometr, sahəsi 11 min kvadratmetr Akim Abbasov və Ceyranbatan qəsəbəsində uzunluğu 1,2 kilometr, sahəsi 11 min kvadratmetr Heydər Əliyev küçələrində, həmçinin Saray qəsəbəsində ümumi uzunluqları 1 kilometr, sahəsi isə 10 min kvadratmetr olan 2 və 3 saylı orta məktəblərə gedən yollarda, bundan əlavə Aşıq İmran küçəsində aparılan əsaslı təmir işləri isə bitmək üzrədir. Hazırda sözügedən küçə və yollarda yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Layihələr əsasında Qobu qəsəbəsində isə hazırda 2 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bunlar uzunluğu 1,5 kilometr, sahəsi isə 15 min kvadratmetr olan Aşur Həsənbalayev və uzunluğu 2,6 kilometr, sahəsi isə 24 min kvadratmetr olan Sona Salmanova küçələridir. Sözügedən küçələrdə yol əsasının tikintisi işləri aparılır. Torpaq işləri yaxın günlərdə yekunlaşacaq və küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanacaq.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Yaxın günlərdə təmir-tikinti işlərinə başlanacaq daha 2 küçə Mehdiabad qəsəbəsində, 1 prospekt isə Saray qəsəbəsində yerləşir. Bunlar Mehdiabad qəsəbəsinin ümumi uzunluqları 3 kilometrdən çox olan Cəfər Cabbarlı və Əhməd Cavad küçələri, həmçinin Saray qəsəbəsinin uzunluğu 2,4 kilometr olan Heydər Əliyev prospektidir. Sözügedən prospekt və küçələrdə təmir işlərinin aparılacağı ümumi sahə 55 min kvadratmetrə yaxındır.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq rayonun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində təmiri nəzərdə tutulmuş digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Bunlar Mehdiabad qəsəbəsi üzrə Çingiz Mustafayev və İsmət Qayıbov, Qobu qəsəbəsi üzrə Mirzə Ələkbər Sabir, Qara Qarayev və Çingiz Mustafayev, Saray qəsəbəsi üzrə Sülh və Sabir küçələri, həmçinin Masazır kəndi üzrə Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və İlyas Bayramov küçələridir.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed