Şrift:
"Yenə də mən Ramil Səfərovu Azərbaycana gələn kimi əfv edəcəkdim."
09.10.2012 [15:27] - Xəbərlər, Siyasət
İlham Əliyev: “Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar vardır”

Bu sözləri prezident İlham Əliyev Tərtərdə gənclərlə görüşündə deyib. “Qafqazinfo” həmin çıxşı təqdim edir: “Hələ bir neçə il əvvəl Minsk qrupunun həmsədrlərinə öz fikrimi bildirmişdim və demişdim ki, məndə yaranan təəssürat bundan ibarətdir. Çünki əgər Ermənistan rəhbərliyi münaqişənin həllini istəsəydi, buna nail olmaq çox asandır. Müxtəlif variantlar təklif edilmişdi və 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında yeni təqdim edilmiş variant Azərbaycan tərəfindən prinsip etibarilə qəbul edilib və bu barədə Azərbaycan rəsmi qaydada öz mövqeyini bildirib.

Bu variant nədən ibarət idi, bu barədə artıq mən dəfələrlə öz fikirlərimi bildirmişəm. Bütün işğal edilmiş rayonlardan erməni silahlı qüvvələrinin çıxarılması, Azərbaycan köçkünlərinin o torpaqlara qayıdışı, Ermənistan ilə Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyəti, sülhməramlı qüvvələrinin bölgəyə gətirilməsi nəzərdə tutulurdu və Dağlıq Qarabağın gələcək statusu qeyri-müəyyən bir vaxtda müəyyən olunacaqdı. Status nədən ibarət olacaqdı? Verilən təklifdə bu, göstərilmirdi. Hesab edirəm ki, bu, düzgün yanaşma idi. Çünki bu, gələcəyin işidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, tarixi torpağımızdır, əzəli torpağımızdır və bu gün Dağlıq Qarabağda yaşayan ermənilər gələcəkdə vahid Azərbaycan dövləti çərçivəsində yaşayacaqlar. Mən buna şübhə etmirəm.

Ermənistan tərəfi hesab edir ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil dövlət olacaqdır. Bu, xülyadır, bu, fantaziyadır, bu, heç vaxt mümkün olmayacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bütün vacib beynəlxalq təşkilatların sənədlərində bu, öz əksini tapıb. Bu yaxınlarda Qoşulmama Hərəkatının qətnaməsində də - o Hərəkatda 120 ölkə cəmləşir, yəni, dünya birliyinin əksəriyyətidir, - məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunması nəzərdə tutulur. Bu ilin mayında Çikaqoda keçirilən NATO zirvə görüşündə son bəyanatda yenə də münaqişənin Azərbaycanın ərazi və ancaq ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Əlbəttə, bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri və s. vardır.

Yəni, bu, birmənalı yanaşmadır və mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Yəni, o təklifə biz prinsip etibarilə müsbət baxmışdıq. Çünki hesab edirdik ki, bu, ədalətli təklifdir. Ermənistan isə buna etiraz etmiş, bu təklifi qəbul etməmiş və ondan sonra müxtəlif yollarla verilən təklifə dəyişikliklər etmə cəhdləri göstərib

Münaqişənin həllinə gəldikdə biz bir neçə ay bundan əvvəl həmsədr ölkələrin dövlət başçılarının bəyanatını eşitdik ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Çox müsbət bəyanatdır. Münaqişənin ilkin mərhələlərində belə bəyanatlar əfsuslar olsun ki, verilməmişdir. Ancaq bu bəyanatdan sonra real addımlar olmalıdır. Yoxsa, bu bəyanat havada qalacaqdır. Status-kvonun dəyişdirilməsi erməni qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması deməkdir. Status-kvo başqa necə dəyişə bilər? Biz Ermənistan torpağını zəbt etməmişik ki, nəyisə dəyişək, hansısa güzəştə gedək. Ancaq əfsuslar olsun ki, bu bəyanatdan sonra hələ ki, konkret addımlar atılmır.

Qeyd etdiyiniz kimi, Ramil Səfərov məsələsi də həm ermənilər tərəfindən, həm də əfsuslar olsun ki, bəzi xarici dairələr tərəfindən bir bəhanə kimi ortaya qoyuldu və bu məsələyə görə danışıqlar indi dalana dirənib. Danışıqlar dalana dirənib ona görə ki, Ermənistan status-kvonu dəyişdirmək istəmir. Ermənistan öz diasporunun gücünə arxayındır və hesab edir ki, bu status-kvonu əbədi saxlaya bilər. Ramil Səfərovun məsələsi elə bil ki, həm onlara, həm bu məsələ ilə məşğul olan bəzi xarici ölkələrə imkan verdi ki, artıq Azərbaycanı qınasınlar, sanki Azərbaycan danışıqlar prosesinə zərbə vurur. Biz 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupu tərəfindən verilmiş yeniləşmiş Madrid prinsiplərinin əsas parametrlərini qəbul etdik, Ermənistan etiraz etdi. Bu, ədalətsizlikdir və biz bu vəziyyətlə barışa bilmərik. Heç vaxt imkan verə bilmərik, belə rəy formalaşsın ki, guya Azərbaycanın addımları danışıqların uğursuzluğuna gətirib çıxarır. Bu, belə deyil və bu ədalətsiz mövqe üstünlük qazana bilməz.

Ramil Səfərov məsələsinə gəldikdə, bir daha demək istəyirəm ki, hər şey qanun çərçivəsində həll edilibdir. Avropanın qəbul etdiyi konvensiyalar əsasında ekstradisiya məsələsi həll olundu və Azərbaycan Konstitusiyası əsasında Ramil Səfərov mənim tərəfimdən əfv edildi. Bu çox düzgün qərar idi və mən bir daha demək istəyirəm ki, əgər lap o vaxt bilsəydim ki, ermənilər və onların havadarları belə hay-küy qaldıracaqlar, yenə də mən Ramil Səfərovu Azərbaycana gələn kimi əfv edəcəkdim.

Azərbaycan öz zabitini Vətənə qaytardı. Ən vacib məsələ bundan ibarətdir. Ermənilər nə deyir desinlər, bu, məni qətiyyən maraqlandırmır. Onların havadarları nə deyir desinlər, bu, məni maraqlandırmır, mən bu bəyanatlara əhəmiyyət vermirəm və Azərbaycana edilən əsassız hücumların heç biri cavabsız qalmamışdır.

Avropa Parlamenti əfsuslar olsun ki, ikinci dəfə antiazərbaycan qətnamə qəbul edir. Azərbaycanın Milli Məclisi onlara layiqli cavab verdi, Prezident Administrasiyası da layiqli cavab verdi. Digər beynəlxalq təşkilatlar, Avropa Şurasının baş katibi, - o adam ki, ümumiyyətlə humanizmin keşiyində durmalıdır, insan haqlarının qorunmasının keşiyində durmalıdır, - Avropa Şurası əvvəlki illərdə bəzi hallarda humanitar əsaslar bəhanə gətirərək Azərbaycan dövlətini məcbur edirdi ki, cinayət törətmiş insanları əfv etsin, yəni cinayətkarları əfv etsin. Yaxşı, Ramil Səfərov doqquz ilə yaxın həbsdə yatdı, yəni artıq onun əfvi bütün mənəvi, siyasi, hüquqi cəhətdən tamamilə əsaslıdır. Ancaq biz nəyi görürük? Yenə ikili standartlar siyasətini görürük. Əgər, mən tam əminliklə deyirəm, erməni zabiti Azərbaycan zabitini öldürsəydi, bax əgər tamamilə əks vəziyyət olsaydı, heç vaxt bu qədər hay-küy qalxmazdı. Bizə qarşı ikili standartlar siyasəti aparılır, bu, reallıqdır, bu siyasətin səbəbləri var, hamımız bu səbəbləri bilirik.

Ancaq yenə də deyirəm, bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycan müstəqil dövlətdir, beynəlxalq təşkilatlarda fəaliyyət göstərir və aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. BMT, onun Baş Məclisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim maraqlarımıza uyğun olan qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Qoşulmama Hərəkatı, hansı ki, 120 ölkəni birləşdirir, bizim mövqeyimizi dəstəkləmişdir. İslam Əməkdaşlıq Təşkilatı bizim mövqeyimizi dəstəkləmişdir. Ona görə biz, yenə də deyirəm, tutduğumuz yoldan dönməyəcəyik, ermənilərin qaldırdığı hay-küy heç bir əhəmiyyətə malik deyildir. Biz onu, ümumiyyətlə, heç nəzərə almırıq. Bəzi Avropa siyasətçilərinin əsassız hücumları da cavabsız qalmayacaq və qalmır.

Sosial şəbəkələr nisbətən yeni bir anlayışdır, dünyada geniş şəkildə yayılır. Azərbaycan açıq dövlətdir, cəmiyyətimiz açıq cəmiyyətdir, bütün azadlıqlar var, heç bir məhdudiyyət yoxdur. Hər şey ancaq qanun çərçivəsində olmalıdır. Əgər hər şey qanun çərçivəsindədirsə, heç bir məhdudiyyət ola bilməz. Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar vardır. Azərbaycanda İnternet azaddır. Əgər ölkələrin statistikasına baxsaq, - yəni harada internet azaddır, harada yox, - görərik ki, heç də hər bir dövlətdə azad internet yoxdur.

Məhdudiyyətlər, qadağalar vardır. Bizim dövlətimizin, dövlət siyasətimizin bu istiqamətdə fəaliyyəti tamamilə şəffaf və açıqdır.

Mən çox istərdim ki, ilk növbədə, bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun”.
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed