Şrift:
Türkdilli Dövlətlərin Vaşinqtondakı səfirlərinin görüşü keçirilib
25.04.2020 [11:52] - Xəbərlər, Siyasət
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ABŞ-dakı səfirləri və Şuranın Baş katibi Bağdad Amreyevin iştirakı ilə videokonfrans keçirilib. Sözügedən konfrans Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının aprelin 10-da təşkil edilmiş fövqəladə Zirvə görüşündə müzakirə edilən məsələlərin davamı olaraq keçirilib. Qeyd edək ki, 10 aprel tarixli Zirvə görüşü nəinki dünyada ilk onlayn formatda keçirilən Zirvə görüşü olub, həmçinin koronavirus pandemiyasına həsr olunmuş ilk dövlətlərarası konfrans kimi əhəmiyyət daşıyır. Səfirlər müzakirə zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Zirvə görüşünün keçirilməsi təşəbbüsü və sədrliyi üçün təşəkkürlərini bildiriblər.

Görüş zamanı Baş katib Bağdad Amreyev koronavirus pandemiyasının yayılması dövründə üzv dövlətlərin bu böhranla mübarizə aparılması sahəsində göstərdikləri birgə səyləri yüksək qiymətləndirərək, bu xüsusda 10 aprel Zirvə görüşünün əhəmiyyətini bir daha vurğulayıb. O, qısa zamanda təşkil olunmuş konfransda müəyyənləşdirilən prioritet məsələlərin və görülən tədbirlərin bu əməkdaşlığı daha da dərinləşdirdiyini qeyd edib. Belə ki, üzv dövlətlər səhiyyə, nəqliyyat, miqrasiya, informasiya mübadiləsi və iqtisadiyyat sahələrində fəal əməkdaşlıq edirlər. O bildirib ki, hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəal və praktiki məsələlərə yönəlmiş beynəlxalq təşkilata çevrilib.

Müzakirələr zamanı COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə mübarizədə türkdilli dövlətlərin göstərdiyi həmrəylik, qarşılıqlı yardımlar və birlikdə mübarizə üsulları təqdir edilib. Bildirilib ki, türkdilli dövlətlərin rəhbər şəxslərinin və hökumətlərinin operativ və səmərəli şəkildə COVID-19 pandemiyasına cavab verməsi dövlətlərimizin müstəqil şəkildə yüksək idarəçilik qabiliyyətinin olmasını sübut edib.

Videokonfransda dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş və onların qəbul etdikləri Bakı Bəyannaməsindən irəli gələn əməkdaşlıq sahələrinin daha da inkişaf etdirilməsi, spesifik sahələrdə ekspertlər və mütəxəssislərin birlikdə səylərinin davam etdirilməsi və beynəlxalq müstəvidə əməkdaşlıq addımlarının atılması barədə müzakirələr aparılıb.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının yayıldığı dövrdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası özünü uğurlu və faydalı bir regional təşkilat kimi göstərməkdədir və bu format həqiqətən də qlobal çağırışlara cavab vermək iqtidarında olduğunu doğruldur.

Ölkəmizin ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə keçirilən videokonfransda Baş katib Bağdad Amreyevlə yanaşı, Azərbaycan səfiri Elin Süleymanov, Qazaxıstan səfiri Erjan Kazıxanov, Qırğızıstan səfiri Bolot Otonbayev, Özbəkistan səfiri Javlon Vahabov, Türkiyə səfiri Sərdar Kılıç və Türkmənistan səfiri Meret Orazov iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed