Şrift:
İranda 9 bəhai ümumilikdə 51 ildən çox həbsə məhkum edilib
26.04.2020 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Cənubi Xorasan əyalətinin Bircənd şəhərində 9 bəhai ümumilikdə 51 ildən çox həbsə məhkum edilib.



İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Höccət Nəbəvinin başçılıq etdiyi Bircənd inqilanb məhkəməsi bəhailər Röya Məlaki, Ətaullah Məlaki, Səid Məlaki, Arzu Məhəmmədi, Rəhmətullah Deymi, Fərzanə Deymi, Nəsrin Qədiri, Bənövşə Muxtari, və Ətiyyə Salehini bəhai dininə mənsub olmaqda və həmin dini təbliğ etməkdə günahlandırıb.



Bildirilir ki, məhkəmənin qərarı ilə bəhailərdən 8-inin hər biri 6 il, yaşının çoxluğunu nəzərə alaraq, digər bəhai Rəhmətulla Deymi isə 3 il 8 ay həbsə məhkum edilib.



Yayılan xəbərdə qeyd olunur ki, hər 9 bəhai 2017-ci ilin oktyabr ayında bəhai dininin banisi Əbdülbəhanın anadan olmasının 200-üncü ildönümü münasibətilə Bircənd şəhərində bəhailərdən birinin mənzilində keçirilmiş mərasimdə həbs edilsələr də, onlar az sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdılar.



Məsələyə münasibət bildirən Dünya Bəhai İcmasının BMT-dəki yüksək rütbəli nümayəndəsi Bani Doqal jurnalistlərə açıqlamasında deyib ki, hazırda 100-ə yaxın günahsız bəhai İran İslam Respublikasının antisanitar həbsxanalarında ağır təzyiq altında saxlanılır.



Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 41 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.



İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed