Şrift:
Koronavirusla mübarizədə qalib olmağın əsas məsuliyyəti vətəndaşın üzərindədir
30.04.2020 [15:41] - Gündəm, Sosial
Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyası ilə mübarizə bütün mümkün vasitələr istifadə olunmaqla davam etdirilir. Lakin bizdə aparılan mübarizənin digər ölkələrdən fərqli cəhəti və uğurlu nəticələr faktoru ondadır ki, dövlət bu virusun pandemiyaya çevrilməməsi üçün çevik, operativ və önləyici tədbirlər planını müəyyən etdi, insanların sağlamlıqlarının mühafizəsi yönündə vacib addımlar atıldı. Məhz bunun nəticəsi idi ki, istər ÜST, istərsə də ayrı-ayrı xarici dövlətlər Azərbaycanda koronavirusa qarşı görülən işləri yüksək qiymətləndirərək onu nümunə kimi dəyərləndirdilər.

Bu fikirləri açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev söyləyib. O qeyd edib ki, Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi koronavirus infeksiyasının sürətli yoluxma halının qarşısını almaqla yanaşı, kütləvi dezinfeksiya işlərinin və testlərin aparılması da bu mənada öz müsbət tərəfini göstərdi. İnfeksiyaya yoluxmuş insanlar dərhal aşkarlanaraq müvafiq xəstəxanalara yerləşdirildi, onların əksəriyyəti aparılan yüksəkkeyfiyyətli müalicə üsulları nəticəsində sağalaraq evlərinə qayıtdılar. Əbəs deyil ki, ötən müddət ərzində ölkəmizdə sağalanların sayı istər yoluxanların, istərsə də həyatlarını itirənlərin sayından çoxluq təşkil etdi. Daha bir vacib məqam odur ki, mümkün vasitələrdən istifadə olunmaqla, fəaliyyətlər onlayn rejimdə həyata keçirilərək həyatın iş axarı dayanmadı. Bu isə xüsusi karantin rejiminin yumşaldılması üçün şərait yaratdı. Artıq bir neçə gündür ki, xüsusi karantin rejimindən çıxaraq yumşalma ilə bağlı qərar verilib. Bir sıra sahələrin fəaliyyəti bərpa olunub, qadağalar aradan qaldırılıb. Ancaq əlbəttə ki, bu qərarlar heç kimi arxayınlaşdırmamalı, vətəndaşlar pandemiya təhlükəsinin tam olaraq aradan qalxmadığı gerçəkliyini anlamalı, belə bir düşüncədən kənar olmalıdırlar. Əks halda, infeksiyaya yoluxma halının azalmasını göstərən statistik rəqəmlər yenidən arta və əhalinin sağlamlığına mənfi təsir göstərə bilər. Yenidən neqativliklə üz-üzə gəlməmək üçün isə dövlət tərəfindən tətbiq edilən qaydalara məsuliyyətlə riayət olunmalı, vətəndaşlarımız üzərlərindəki məsuliyyətlərini hiss etməlidirlər. Yumşalma dövründə nəzərə çarpan məsuliyyətsizliklər yenidən koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən tədbirlərin təkrarlanması tələbini ortaya qoyur. Çünki koronavirus pandemiyasının ikinci dalğasının ayaq açıb yeriməsinə imkan vermək olmaz. Vətəndaşlar daha bir reallığı da anlamalıdırlar ki, COVID-19 xəstəliyi təhlükəsinin aşkar edilən tərəflərindən biri də onun uzunmüddətli olmasıdır. Bu baxımdan, tələb olunan qaydalara əməl edilməli, gigiyena qaydaları, dezinfeksiya vasitələrindən istifadə maksimum şəkildə həyata keçirilməli, həmin amillərə məsuliyyət hissi ilə yanaşılmalıdır.

Baş redaktor qeyd edib ki, koronavirus başladığı zamandan “Evdə qal!” kampaniyası davam edir. Xalqımızın həmrəyliyini əks etdirən “Biz birlikdə güclüyük!” şüarı məsuliyyət hissini artırmalıdır. Azərbaycanın pandemiya ilə bağlı ABŞ, Rusiya, Avropa ölkələrinin aqibətini yaşamaması üçün hər bir şəxs digər şəxsin sağlamlığına cavabdeh olduğunu dərk etməlidir. Eləcə də risk qrupuna aid 65 yaşdan yuxarı vətəndaşların da sağlamlıqlarına təhlükə yaddan çıxarılmamalıdır.

“Bu, çox çətin prosesdir və xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması da lazımdır. Lakin söz yox ki, əgər epidemioloji vəziyyət tələb edərsə, infeksiyanın artım dinamikası müşahidə olunarsa, yumşaldılmış karantin rejimi yenidən sərtləşdirilməli, xüsusi karantində tətbiq edilən bir sıra məhdudiyyətlər yenidən icra olunmalıdır. COVID-19-a qalib gəlmək şansını əldə etmək üçün məhz bu cür nəticələrə gəlməyin vacibliyi artıq özünü göstərməkdədir. Ona qalib gəlmək üçün isə əsas məsuliyyət əlbəttə ki, vətəndaşın üzərinə düşür. Bütün bunlar bilavasitə sağlam gələcəyimiz üçün lazımi, qəbul edilməsi olan gerçəkliklərdir. Hər kəs bilməlidir ki, əvvəlki həyat rejiminə geri dönmək üçün ilk məsuliyyət onun üzərindədir”, - deyə Bəhruz Quliyev bildirib.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed