Şrift:
İlham Namiq Kamal: Özünütəcrid, "Evdə qal!" kampaniyası mütləq davam etdirilməlidir
30.04.2020 [16:02] - Gündəm, Sosial
Dövlətimiz bütün dünyada ümumi bəlaya çevrilmiş koronavirus pandemiyasının qarşısını almaq üçün ilk günlərdən etibarən zəruri tədbirləri həyata keçirir. Vətəndaşların dəstək proqramından yararlanmaları üçün imkanlar yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. İmkanı olan xeyirxah insanlar ehtiyacı olanlara kömək edirlər. Əlbəttə, dövlətimizin başçısının da qeyd etdiyi kimi, biz birlikdə güclüyük və inşallah, bu bəlanın öhdəsindən də gələcəyik.

Bu fikirləri açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, “Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri, professor İlham Namiq Kamal söyləyib.

Xalq artisti vurğulayıb ki, dövlətin tətbiq etdiyi qaydalar, karantin rejiminin şərtləri bizim sağlamlığımıza yönəlib. Biz dövlətimizin dəstəyi ilə ilk mərhələdən az itki və zərərlə çıxa bildik. Aprelin 27-dən etibarən karantin rejiminin qaydalarında bəzi məhdudiyyətlər aradan götürülüb. Lakin bu, arxayınlaşmağa səbəb vermir. COVID-19 xəstəliyi uzunmüddətli prosesdir və prosesin ikinci dalğasının qarşısını almaq üçün son dərəcə diqqətli olmalıyıq. Mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi son dərəcə vacibdir. Özünütəcrid, "Evdə qal!" kampaniyası mütləq davam etdirilməlidir. Qoyulan qaydaları pozmaq bizim ziyanımızadır. Biz bununla prosesi uzatmış olarıq. Məsələyə geniş masştabdan baxmaq lazımdır. Axı, bu təkcə Azərbaycanın deyil, bütün dünyanın bəlasıdır. Bu bəladan da qurtulmaq üçün vətəndaşlar karantin rejiminin qaydalarının yumşaldılmasından arxayınlaşmamalı, son dərəcə məsuliyyətli olmalıdırlar. Çünki burada sağlamlıq əsas məsələdir. Təbii ki, bu prosesdə hər bir vətəndaş yalnız öz sağlamlığı üçün deyil, valideynlərinin, övladlarının, yaxınlarının sağlamlığı üçün də məsuliyyət daşıyır.

İlham Namiq Kamal deyib ki, çarəsi hələ də tapılmayan koronavirus pandemiyası çox ciddi təhlükədir və xəstəliyin ikinci və bəlkə də üçüncü dalğasının baş verə biləcəyi ehtimalı var. Faktlar da sübut edir ki, pandemiyanın bizə hansı sürprizlər gətirəcəyi naməlumdur. Bu səbəbdən çox diqqətli olmalıyıq. “Ölkədə karantin rejiminin elan olunduğu gündən etibarən ailəmlə birlikdə doğma ana yurdum Şamaxıda qalıram. Əlbəttə, yaz fəslidir, təbiət oyanır. Evdə qalmaq çox çətindir. Amma sonrakı adi həyatımıza tez davam etmək üçün karantin rejiminin qaydalarına riayət edilməli, şəxsi gigiyena, sanitar qaydalara əməl olunmalı, məsafə gözlənilməlidir. Müəllim kimi tələbələrim üçün çox darıxmışam. Amma neyləmək olar? Gözəgörünməz düşmənlə mübarizə aparmaq üçün bir olmalı, dövlətimizə dəstək göstərməliyik. Hər kəs öz bildiyi kimi davransa, vəziyyətin necə kritik hala gələ biləcəyini təsəvvür etmək belə çətindir. Çətin dönəmdən keçirik. Amma məsuliyyətimiz, sağlam düşüncəmizlə bu çətin dövrü də arxada qoyacağıq”, - deyə o vurğulayıb.

Daim tamaşaçılarla təmasda olan bir insan, aktyor kimi onun üçün də çətin olduğunu deyən Xalq artisti bu vəziyyətin müvəqqəti olduğunu da qeyd edib. Bildirib ki, sağlamlıq və təhlükəsizlik nöqteyi-nəzərindən müəyyən olunan vaxta qədər heç bir kütləvi tədbir keçirilməməlidir. Mümkün qədər təmasdan qaçılmalı, sosial məsafə qorunmalıdır: “Atalarımızın bir gözəl məsəli var: Tələsən təndirə düşər. Gəlin, tələsməyək, çaya su gəlməmiş çırmanmayaq. Yüz ölçək, bir biçək. Dünyanı çalxalayan bu bəla ilə oyun oynamaq olmaz. Mümkün qədər soyuqqanlı, səbirli, dözümlü olmalıyıq. İnsanı idarə edən onun beynidir. Mən xalqıma, vətəndaşlara beynin, təfəkkürün səsinə qulaq asmağı tövsiyə edirəm. Ehtiyatlı olsunlar, çünki xəstəliyin ikinci dalğası ilə üzləşə bilərik. Deyirlər, ehtiyat igidin yaraşığıdır. Buradan bütün xalqıma, dostlarıma, məni sevənlərə səslənirəm ki, evdə qalın, sağlamlığınızı qoruyun. İnanıram ki, tezliklə öz adi həyatımıza qayıdacağıq. Nikbin olmalıyıq, depressiyaya qapılmaq lazım deyil”.

İlham Namiq Kamal dünyanı ağuşuna alan bu amansız xəstəliyin insanlara bir çox mətləbləri anlatdığını da diqqətə çatdırıb. “Etiraf edək ki, karantin rejimindən əvvəl yeknəsəq həyat keçirirdik və bütün imkanlardan istifadə etsək də, bizə hər şey cansıxıcı gəlirdi. Az müddətdə evdə qalmağın, ailə dəyərlərinin mənasını anladıq. Təbiəti, ətrafımızdakı insanları daha çox sevməyə başladıq. Bu çətin günlərdə qohum-əqrəba bir-birindən narahat olmağa başladı. Bu, bir tərəfdən çox gözəldir. Yoxsa, insanlar bir-birinə laqeydləşmişdilər. Dəyərləri də, ekologiyanı da korlayan insandır. İnsanlar bu bəladan ibrət götürsünlər, imkanları daxilində xeyir işlər görsünlər, yardıma, köməyə ehtiyacı olanlara əl tutsunlar. Mən bütün Azərbaycan xalqına səbirli, təmkinli olmağı, tezliklə bu bəlaya qalib gəlməyi arzu edirəm”.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed