Şrift:
ABŞ kəşfiyyatı: koronavirus süni yaradılmayıb
01.05.2020 [10:19] - Gündəm, Sağlıq
ABŞ kəşfiyyatı COVID-19 koronavirusunun süni yaradılmadığı qənaətindədir.

Associated Press agentliyi xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisi məlumat yayıb.

“ABŞ kəşfiyyatı COVID-19 virusunun insan əli ilə yaradılmadığına və genetik modifikasiya olunmadığına dair geniş alim konsensusu ilə razıdır. Xəstəliyinin heyvanla təmas və ya Uxan şəhərindəki laboratoriyada baş verən insident nəticəsində yayıldığını müəyyən etmək üçün əldə olunan informasiya və kəşfiyyat məlumatları araşdırılır”, - deyə ofisin məlumatında bildirilir.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo dəfələrlə Çini virusun mənşəyi barədə məlumatları gizlətməkdə ittiham edib. Mayk Pompeo Pekini koronavirusun təhlükəli infeksiya xəstəlikləri üzrə tədqiqatların aparıldığı Uxan Virusologiya İnstitutunun laboratoriyasından sızması ehtimalı barədə açıqlama verməyə çağırıb.

Milli Kəşfiyyat direktorunun ofisi Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosu da daxil olmaqla ABŞ-ın 17 kəşfiyyat qurumunun fəaliyyətini koordinasiya edir.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronovirusun yayılmasını pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed