Şrift:
Məsuliyyətsizlik koronavirusun geniş yayılması riskini artırır
01.05.2020 [11:14] - Gündəm, Sosial
Son aylarda bəşəriyyət misli görünməmiş bir bəla ilə üz-üzə qalıb. Ümumbəşəri bəlaya çevrilmiş qorxulu koronavirus pandemiyası səbəbindən dünya durğunluq və tənəzzül dövrünü yaşayır. Yer kürəsinin başı üzərini bürüyən qorxunc COVID-19 bəlası hələ uzun illər unudulmayacaq. Sürətlə yayılan xəstəlik qarşısında elm, müasir texnologiya da aciz qalıb. Son günlər bir qədər sevindirici xəbərlər alsaq da, bu müəmmalı durumun nə qədər çəkəcəyi, nə vaxt tam bitəcəyi hələlik sual olaraq qalır. Dünya səhiyyəsi həndəsi silsilə ilə artan koronavirus xəstəliyinin qarşısında aciz qaldığından insan ölümlərinin sayı da minlərlədir. Bir sözlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təbirincə desək, bəşəriyyət, sözün həqiqi mənasında, gözəgörünməz düşmənlə müharibə aparır.

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, dosent Yusif Alıyev söyləyib.

Yusif Alıyev bildirib ki, Azərbaycan bu bəlaya qarşı bütün imkanlarını səfərbər edərək qabaqlayıcı tədbirlər görən nümunəvi ölkələrdən oldu.

“Dövlətimiz üçün ən ümdə məsələ vətəndaşın təhlükəsizliyi, sağlamlığı və firavan həyatı olduğundan pandemiya dövründə bütün siyasi, iqtisadi və sosial məsələlər bu prinsiplər üzərindən həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatlarına əsasən deyə bilərik ki, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi və sosial izolyasiya qaydalarına ciddi əməl edilməsi səbəbindən pandemiya Azərbaycanda digər dünya dövlətləri ilə müqayisədə geniş yayılmayıb. Burada əhalinin sanitar-gigiyenik qaydalara əməl etməsini və dövlətin “evdə qal” çağırışına ciddi dəstək verilməsini qeyd etmək lazımdır. Amma təəssüf hissi ilə bildirmək istəyirəm ki, bəzən insanlarımız öz həyatlarının qeydinə qalmayaraq, qaydaları pozurlar. Aprel ayının 27-dən bir sıra iqtisadi və sosial sahələr üzrə icazə və yumşalmalar tətbiq olunsa da, vətəndaşlarımız bu icazənin hansı şərtlər daxilində tətbiq edildiyini unudur, qadağalara baxmayaraq, kütləvi şəkildə küçələrə çıxırlar. Bir sözlə, məsuliyyətsizlik koronavirusun geniş yayılması riskini artırır”, - deyə Yusif Alıyev söyləyib.

ADPU-nin Quba filialının direktoru vətəndaşların diqqətli olmayacağı, sosial-izolyasiya qaydalarına ciddi əməl etməyəcəkləri təqdirdə, sönməkdə olan ocağın yenidən alovlana biləcəyini qeyd edib. Ona görə də hər kəs özünün həkimi, nəzarətçisi, qoruyucusu olmalıdır: “Məhdudiyyətlər yumşaldılsa da, bir müddət yenə də vətəndaş həssaslığımızı, diqqətimizi qorumalıyıq. İnanıram ki, bu qaydalara əməl etsək, kütləvi yerlərə getməyi azaltsaq, sanitar-gigiyenik qaydalara tabe olsaq sərhəd tanımadan sürətlə yayılan bu ümumbəşəri bəladan birdəfəlik yaxa qurtara biləcəyik.”
Bu xəbər oxucular tərəfindən 123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed