Şrift:
Füzulili kümçü: Baramaçılıq çox sərfəli və gəlirli sahədir
02.05.2020 [11:15] - Xəbərlər, İqtisadiyyat
Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Füzuli Rayon İcra Hakimiyyətindən bildiriblər ki, baramaçılıq 1970-1980-ci illərdə rayonda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton barama isehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200 min ədədə qədər tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.

Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən füzulili kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Artıq Qax Damazlıq İpəkçilik Stansiyasından 1250 qutu (23 min 750 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Bu il rayonda 50 tondan artıq barama istehsalı nəzərdə tutulub.

Baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər. Rayonun Böyük Bəhmənli kənd sakini Ağgül Bağırova da bir neçə ildir ki, baramaçılıqda yüksək nəticə göstərir.

Ağgül Bağırova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində hələ sovetlər dövründən baramaçılıqla məşğul olduqlarını deyib: "Bu sahədə gözəl təcrübəmiz var. Lakin bu gəlirli sahə unudulduğundan uzun illər idi ki, baramaçılıqla məşğul olmurduq. Prezident İlham Əliyevin tapşırığına əsasən baramaçılığın yenidən bərpa edilməsi məni çox sevindirdi. Dövlət tərəfindən baramaçılığa göstərilən qayğıdan ruhlanaraq bir neçə ildir ki, kənd təsərrüfatının bu strateji sahələrində məhsul istehsalı ilə məşğulam. 2018-ci ildə barama istehsalında yüksək nəticəyə nail olduğum üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişəm".

Baramaçılığın çox sərfəli və gəlirli sahə olduğunu deyən Ağgül Bağırova qısa vaxtda yaxşı gəlir əldə edildiyini bildirib. "Ötən il təhvil verdiyimiz 700 kiloqram baramaya görə 6300 manat qazancımız olub. Bir neçə gün əvvəl 9 qutu ipəkqurdu götürmüşük, indi onlara qulluq edirik. İpəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağını bir neçə il əvvəl həyətimizdə və əkin sahələrinin kənarında əkdiyimiz tut ağaclarından tədarük edirik. Bu il də yüksək nəticə əldə etməyə çalışacağam", - deyə A.Bağırova vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed