Şrift:
"Laçın, Zəngilan, Qubadlı və Kəlbəcəri necə məskunlaşdıraq?"
11.10.2012 [14:26] - Sosial
Erməni işğalçılarını bu sual narahat edir, Yaxın Şərqdən olan varlı ermənilərin dəstəyi ilə bu ərazilərdə infrastrukturu bərpa etmək planları var
Livanlı erməni investor Suren Sərkisyan: “Kəlbəcər kimi gözəl yerləri necə bu cür boş saxlamaq olar?”


Ermənistan son iki-üç ildə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları pozmaq xətti seçərək əsas diqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırmaya yönəldib. “Yeni Müsavat” düşmən ölkənin və xaricdəki erməni çevrələrinin bu istiqamətdə hansı planlar müzakirə etdiyi, beynəlxalq hüquq normalarını pozaraq hansı işləri gördüyü haqda bir neçə dəfə araşdırmalar dərc edib. Lakin Ermənistanın “Armenia Today” agentliyində dərc edilmiş məqalə növbəti dəfə Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməyi zəruri edir. Məqalədə işğalçıların Laçın, Qubadlı və Zəngilan rayonları ərazisində yaratdıqları və “Kaşataq” adı verdikləri yeni “inzibati rayon” da, habelə “Karvaçar” adlandırılan Kəlbəcərdə məskunlaşdırmanın bu vaxta qədər gözlənilən səviyyədə olmamasından narahatlıq ifadə olunur.

“Qarabağ: Kaşataq və Karvaçarı necə məskunlaşdırmaq və bərpa etmək?” başlıqlı məqalədə deyilir ki, Murov dağlarından Araz çayına qədər (təbii ki, məqalədə bu dağ və çay adları da erməniləşdirilib-red.) uzanan ərazilərin bərpası və məskunlaşdırılması Ermənistan hakimiyyətinin, habelə erməni diasporunun ən birinci vəzifələrindən olmalıdır.

“5 min kvadratkilometrlik ərazidə cəmi 12-13 min erməni...”

Məqalədə deyilir ki, sahəsi 5 min kvadrat kilometr olan həmin ərazilərin “azad edilməsindən” sonra orada cəmi 12-13 min erməni məskunlaşdırılıb. Üstəlik, cüzi fərqlərlə bu rəqəm 10 ildir dəyişməz qalır. Erməni müəllif yazır ki, ötən illərə nisbətən həmin rayonların bərpası və məskunlaşdırılması üçün cüzi də olsa müsbət dəyişikliklər yaranıb. Məlum olur ki, bu “cüzi dəyişiklik” ötən ay Livandan olan bir qrup erməni iş adamının işğal altındakı Azərbaycan ərazilərinə səfər edərək orada infrastruktur və kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsinə dair danışıqlar aparmasından sonra yaranıb. Bildirilir ki, həmin iş adamlarının bir çoxu ilk dəfə bu ərazilərə səfər edib, onlar gördükləri gözəl təbiət mənzərələrindən və xarabalıqlardan təsirləniblər. 50 nəfərdən ibarət həmin qrup Livanda fəaliyyət göstərən “Artsax” erməni fondunu və ARI (Artsakh Roots Investment) şirkətini təmsil ediblər. Həmin şirkət beş ildir Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları ərazisində qanunsuz məskunlaşdırılmış erməni ailələrinə kənd təsərrüfatı işləri üçün kreditlər verir.

“Məskunlaşdırma bizim üçün ən birinci vəzifə olmalıdır”

Erməni jurnalist işğal altındakı Azərbaycan ərazilərini gəzib geri qayıdan livanlı ermənilərdən təəssüratları haqda soruşub. “Artsax” fondunun rəhbəri Melkon Akopyan deyib ki, həmin ərazilərə dəfələrlə səfər edib və sonuncu səfərində “müsbət dəyişikliklər” görüb: “Təcrid olunmuş vəziyyətdən çıxmaq və Artsaxın tanınmasına nail olmaq üçün biz daha çox səy göstərməli, daha çox iş görməliyik”. ARİ şirkətinin səhmdarı Qriqor Dakesyan isə əvvəllər Dağlıq Qarabağda olub, ancaq Kəlbəcər, laçın, Qubadlı və Zəngilana ilk dəfədir gəldiyini deyib. “Kaşataq və Karvaçar rayonlarının məskunlaşdırılması bizim üçün ən birinci vəzifə olmalıdır. Məskunlaşdırma bizim strategiyamıza çevrilməlidir” deyə, o bildirib. “Artsax” fondunun təmsilçisi Stepan Ter-Petrosyan isə deyib ki, o dəfələrlə Laçın və Qubadlıda olub, orada məskunlaşdırılan ermənilərə verilən kreditlərin nəticələrini araşdırıb və indi vəziyyətin nisbətən yaxşı olduğunu görür. Livanlı erməni deyib ki, bu ailələrə daha çox kredit ayırmaq, beləliklə də məskunlaşmaya stimul vermək lazımdır. ARİ şirkətinin kreditoru Sarkis Parmaksyan isə bildirir ki, onların səfər zamanı müşahidə etdikləri ən ciddi problem əhalinin azlığıdır: “İlk növbədə adamlar zəruridir. Bu ərazilər məskunlaşdırılmalıdır. Ancaq insan resursunun artması hesabına layihələr uğurla həyata keçirilə bilər”.

Livanlı erməni Kəlbəcəri görəndən sonra heyrətlənir: “Axı bu cür torpaqları necə boş buraxmaq olar?”

ARİ şirkətinin icraçı direktoru Suren Sərkisyan da ən ciddi problemin “bu ərazilərdə əhalinin az olması ilə bağlı olduğunu” deyib. “Kəlbəcər kimi gözəl yerləri necə bu cür boş buraxmaq, atmaq olar? Söhbətlərdən birində bizə dedilər ki, Kaşataq və Karvaçarda cəmi 10 minə yaxın adam yaşayır. Necə ola bilər ki, bu cür yerlərdə məktəblər, evlər tikilməsin, yollar salınmasın, insanların yaşayışı üçün şərait yaradılmasın? Kaşataqda (Laçın) 50 kənd var və onlar hələ də acınacaqlı vəziyyətdədir. Onları bir-biriylə birləşdirmək üçün yollar çəkilməlidir, əhalini artırmaq lazımdır” deyə, o şikayətlənir.
“Hayastan” ümumerməni fondunun Livan nümayəndəliyinin rəhbəri Sarkis Armenyan isə deyir ki, o sözügedən ərazilərdəki yoxsulluğun ilk dəfədir şahidi olurdu. Armenyan vəd edib ki, o, “Hayastan” fondu vasitəsilə hər il heç olmasa bir neçə yüz min dollar toplayıb həmin ərazilərin bərpasına yönəltməyə çalışacaq. Digər livanlı erməni Serj Çuxandaryan isə sözügedən ərazilərin təbii resurslarından “bu günədək yetərincə istifadə olunmamasından” narazılıq ifadə edib. O deyib ki, Kəlbəcərdə, Laçında zəngin təbiət var, su çoxdur, çoxlu çaylar axır: “Su məsələsi çox mühümdür. Başqa ölkələrdə su üstündə vuruşurlar. Kənd təsərrüfatını inkişaf etdirmək, başqa əlverişli sahələr axtarmaq lazımdır. Ümid eləyək ki, bu ərazilər ermənilərdə qalacaq”. Çuxandaryan deyib ki, ARİ şirkətinin kapitalı 10 milyon dollara çatır və gələcəkdə bu şirkət vasitəsilə daha iri layihələr həyata keçirmək mümkün olacaq.

Ermənistanın və erməni diasporunun məkrli planları

Qeyd edək ki, həmin livanlı ermənilər işğal altındakı Qubadlı rayonu ərazisində, Həkəri çayı sahillərində yeni şəhər salmaq layihəsini də müzakirə ediblər. Plana görə ilkin olaraq zəruri infrastrukturla birlikdə 50 ev inşa etmək nəzərdə tutulur. Həmin evlərdə Yaxın Şərqdən köçürülən ermənilər yerləşdirilə bilər. Məqalədən də göründüyü kimi, Ermənistan işğal altındakı Azərbaycan ərazilərində 90-cı illərin ortalarından etibarən başlayan qanunsuz məskunkaşdırmanı genişləndirməyin yollarını axtarır və bu zaman Dağlıq Qarabağın inzibati hüdudları daxilində yerləşən ərazilər deyil, Kəlbəcər və Laçın, habelə Zəngilan və Qubadlı rayonlarının əraziləri diqqət mərkəzindədir. Başqa sözlə, Ermənistan bu əraziləri də işğaldan azad etmək niyyətində deyil və danışıqlarda ətraf ərazilərin boşaldılmasını nəzərdə tutan təklifləri müzakirə etməklə sadəcə vaxtı uzadır. Həmin vaxtdan isə status-kvonu möhkəmləndirmək və işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırmanı genişləndirmək üçün istifadə etməyə çalışır.

Ermənistanın özünün boşaldığı bir vaxtda xaraba ərazilərdə kim məskunlaşacaq?

Lakin məsələ ondadır ki, Ermənistanın indiki acınacaqlı iqtisadi vəziyyəti ona işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırmanı maliyyələşdirməyə, xarabalıqlara çevrilmiş bu ərazilərdə insan yaşayışı üçün zəruri infrastruktur yaratmağa imkan vermir. Digər tərəfdən, Ermənistanın özünün boşalmaqda olduğu, əhalinin kütləvi şəkildə miqrasiya etdiyi bir vaxtda xarabalıqlara çevrilmiş, hər an yeni müharibə meydanına çevrilə biləcək Azərbaycan ərazilərində məskunlaşmağa razılıq verən erməni tapmaq da müşkül məsələdir. Ermənistan və erməni diasporu qanunsuz məskunlaşdırmanı dəstəkləmək üçün xaricdəki varlı erməniləri cəlb etməyə çalışır. Ancaq bu iş üçün yaxşı pul qoymağa maraqlı olan varlı ermənilər də çox deyil. Livan ermənilərinin qurduğu “Artsax” fondunun və eyni adlı şirkətin isə 10 milyon dollarla ciddi infrastruktur layihələrini maliyyələşdirməyə gücü çatmazdı. Yaxud “Hayastan” fondunun hər il dünya ermənilərindən diləndiyi pulların bir neçə yüz min dollarını Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda infrastruktura ayırmaq vədi də cüzi əhəmiyyət daşıyır. Beynəlxalq ekspertlərin də hesablamalarına görə, işğal altındakı ərazilərdə ermənilər tərəfindən dağıdılmış infrastrukturu bərpa etmək üçün on milyardlarla dollar tələb olunacaq. Bununla belə, Azərbaycan üçün narahatlıq doğuran məqam budur ki, dünya erməniliyi nəinki Dağlıq Qarabağı, eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan kimi ətraf rayonları da öz nəzarətlərində saxlamaq strategiyasından çıxış edir, bu yöndə əllərindən gələni etməyə çalışırlar.

Qanunsuz məskunlaşdırmaya dair rəqəmlər

Erməni qaynaqlarının yaydığı, habelə Azərbaycan tərəfinin digər kanallarla əldə etdiyi məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il. tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə protokollara ziddir. ATƏT-in 2005-ci ildə təşkil olunmuş Faktaraşdırıcı Missiyası da Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə faktları təsdiqləmişdi. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yoluyla müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Erməni agentliyinin məqaləsindəki rəqəmdən isə məlum olur ki, hazırda ümumilikdə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda yaşayan ermənilərin sayı bu rəqəmə yaxındır. Belə görünür ki, məskunlaşdırılan ermənilərin bir neçə mini bu əraziləri tərk edib.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed