Şrift:
“Şərqi Azərbaycanın turizm sənayesində çalışan 25 min nəfər işsiz qalmaq təhlükəsi ilə üz-üzə qalıb”
02.05.2020 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətinin “Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatı”nın baş direktoru Əhməd Həmzəzadə jurnalistlərə açıqlamasında ölkədə yayılan koronavirus pandemiyasının əyalətin turizm sektoruna göstərdiyi mənfi təsirindən danışıb.



O deyib ki, “Covid-19” virusunun yayılması səbəbilə ortaya çıxmış problemlər, Şərqi Azərbaycan əyalətinin turizm, xüsusən də əl işləri sənayesinin inkişafına ciddi xələl gətirib: “Təəssüflər olsun ki, Şərqi Azərbaycanın turizm sektorunda sığortalanmış şəkildə fəaliyyət göstərən 25 min nəfər koronavirusun yayılması ucbatından yaranmış çətinlik və problemlərə görə işsiz qalmaq təhlükəsi ilə üz-üzə qalıb.



Hazırda isə əyalətin turizm, o cümlədən əl işləri sənayesi sektorunun mövcud çətin vəziyyətdən çıxmaq üçün hökumətin xüsusi diqqət və yardımına ehtiyacı var.



Hesab edirəm ki, koronavirusdan yaranmış böhrandan əsas çıxış yollarından biri, turizm sənayesi sahəsində daxili səyahət və səfərlərin genişləndirilməsi və xarici səyahətlərə diqqət və önəmin artırılmasıdır. Məhz buna görə də düşünürəm ki, mövsümi tətillərin təyin edilməsi ilə bağlı qərarların qəbul edilməsi daxili səfərlərin inkişaf və genişləndirilməsinə yardım edə bilər.



Biz, sadalanan bütün çətiblikləri nəzərə alaraq, əyalətin turizm sektoruna əvəzsiz yardımların göstərilməsi məqsədilə Turizm və Mədəni İrs Nazirliyinə artıq müraciət də etmişik” -deyə, Şərqi Azərbaycan əyalətinin “Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatı”nın baş direktoru Əhməd Həmzəzadə əlavə edib.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed