Şrift:
Türkiyədə koronovirusdan ölüm sayı kəskin şəkildə azalmağa başlayıb
04.05.2020 [09:56] - Xəbərlər, Sosial
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma və ölüm halı kəskin şəkildə azalıb. Mayın 3-də ölkə üzrə 24 min bir nəfər üzərində test aparılıb. Onlardan 1670 nəfər xəstə çıxıb.

Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 892 nəfər sağalıb, 61 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə sağalananların sayı 63 min 151 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 135 min 367 nəfər testdən keçirilib. Ümumilikdə 126 min 45 nəfər müalicəyə cəlb olunub. Hazırda 1424 nəfər reanimasiyada, 766 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır.

Qeyd edək ki, mayın 1-də yerli vaxtla saat 00.00-da Türkiyədə növbəti dəfə ölkənin 31 vilayəti üzrə komendant saatı tətbiq olunub. Bu məhdudiyyət mayın 4-də saat 00.00-da başa çatır. Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası isə eyni tarixdə saat 24.00-dək davam edəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabineti sabah videokonfrans formatında olacaq toplantıda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə bağlı ölkədəki vəziyyət və mövcud qadağaların aradan qaldırılması yollarını müzakirə edəcək. Bu barədə hökumətin qərarı toplantıdan sonra elan olunacaq.

Rəsmi dairələrdən, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən əhaliyə xəbərdarlıq olunur ki, koronovirus riskinin azalmasına arxayınlaşmaq olmaz. Virusun yayılmasına qarşı mübarizə qaydalarına, xüsusilə də sosial izolyasiya və təmizlik tələblərinə əməl olunmalıdır.
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed