Şrift:
İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaz-tarla işləri geniş vüsət alıb
04.05.2020 [11:46] - Gündəm, İqtisadiyyat
İyirmi dörd illik köçkünlük həyatından sonra doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinlərinin kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışmaları, əkin üçün verilmiş torpaqlarda təsərrüfat işləri ilə məşğul olmaları üçün lazımi dəstək göstərilir. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyasının, suvarma kanalının inşa edilməsi sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına şərait yaradıb. Kənd sakinləri uzun illərdir istifadəsiz qalan torpaqları əkib-becərir, müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edirlər.

Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyev bildirib ki, kənddə yaz-tarla işləri geniş vüsət alıb. 2020-ci ilin məhsulu üçün 81 hektarda buğda, 16,5 hektarda arpa, 22,75 hektarda yonca, 8 hektarda şəkər çuğunduru, 10 hektarda çiyid əkilib. Sakinlər həyətyanı sahələrində və istixanalarda müxtəlif tərəvəz bitkiləri də becərirlər. Hazırda taxıl, şəkər çuğunduru və tərəvəz bitkilərinin becərilməsi davam etdirilir.

Kənd sakini Oqtay Həziyev digər kənd təsərrüfatı bitkilərinin becərilməsini həyata keçirməklə yanaşı, çiyid səpinini də başa çatdırıb. O, AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, keçən il yüksək məhsuldarlığa nail olduğundan bu il pambıq tarlasının sahəsini bir qədər də genişləndirib. "Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. 24 il müddətində əkin-biçin aparılmadığı üçün torpaqlar münbitdir. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. Ötən il ilk dəfə olaraq 6 hektarda pambıq becərdik və yüksək məhsul götürdük. Hər hektardan 50 sentnerə yaxın olmaqla, 29 ton pambıq istehsal etdik. Ötənilki yüksək məhsuldarlıqdan ruhlanaraq bu il pambıq sahəsini 10 hektara çatdırmışam. Artıq çiyid səpini başa çatıb. Çalışacağam ki, bu il də məhsulumuz bol olsun", - deyə O.Həziyev bildirib.

Qeyd edək ki, 2019-cu ildə kənddə 171 ton buğda, 56 ton arpa, 29 ton pambıq, 144 ton qarğıdalı, 429 ton şəkər çuğunduru, həmçinin tərəvəz məhsulları, 125 kiloqram barama, 1540 kiloqram bal istehsal edilib.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed