Şrift:
Nərgiz Məhəmmədi: "Həbsxanaya yanıma kitab gətirməyə belə icazə vermirlər"
05.05.2020 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həbsdə olan iranlı insan haqları fəalı Nərgiz Məhəmmədi məhkumluq həyatının 6-ci ilinin başlanması münasibətilə müraciət yayıb.



Səhhətində olan ciddi problemlərə baxmayaraq, bir neçə ay öncə Zəncan həbsxanasına köçürülən fəal bildirib ki, məhkum yoldaşlarının əksəriyyəti kasıblıq, eləcə də rüşvətxorluğun, diktaturanın və kişilərə sonsuz hüquqlar tanıyan qanunların yaratdığı vəziyyət səbəbindən müxtəlif cinayətlər törətməyə məcbur qalmış qadınlardır.



Xanım Məhəmmədi qeyd edib ki, onunla birlikdə həbsxanada olan qadınların acı həyat hekayələri onu ölkənin vəziyyətinə görə daha da kədərləndirib.



"Ac övladı üçün balaca bir şirniyyat oğurlamaq, kasıblıq səbəbindən ac və çöllərdə qalmaq üzündən fahişəlik etməyə məcbur olmaq bu qadınları bura salıb. Bir qrup qadının isə boşanma haqqına sahib olmaması sonda cinayət törətməsinə və bunun nəticəsində də ya dar ağacından asılması, ya da yarımçıq basdırılıb, daş-qalaq edilməsi ilə nəticələnib", - deyə fəal məktubda vurğulayıb.



Nərgiz Məhəmmədi sonda həbsxanada özünə qarşı olan qeyri- insani rəftar və məhdudiyyətlərdən bəhs edib. O qeyd edib ki, hətta həbsxanaya onun yanına kitab belə buraxmırlar.



Xatırladaq ki, məhkumluq həyatının 6-ci ilinə daxil olan xanım Məhəmmədiyə qarşı İranın İnqilab Məhkəməsi "siyasi sistem əleyhinə təbliğati fəaliyyət", "edamın yavaş-yavaş ləğv edilməsi üçün kampaniya başlatma" və "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək istiqamətində sövdələşmə" kimi ittihamlarla 16 il həbs cəzası oxumuşdu. Bir müddət əvvəl səhhətində olan ciddi problemlər səbəbindən ailəsinin müraciətlərinə baxmayaraq, İranın Məhkəmə Sistemi koronavirusla bağlı fəalı müvəqqəti olaraq azadlığa buraxmaqdan imtina etmişdi.
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed