Şrift:
Pompeo: “İranın terrorçu rejimi Suriyada Bəşər Əsədin törətdiyi cinayətləri dəstəkləyir”
07.05.2020 [12:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo mayın 6-da İran rejiminin Suriyadakı təxribat xarakterli rolundan və rəsmi Tehranın ölkə sərvətlərini beynəlxalq terrorizmə sərf etməsindən danışıb.



Pompeo deyib ki, İran İslam Respublikası Suriyadakı hərbi varlığı məsələsinə yenidən baxmalı, Suriyada xərclədiyi pulları öz xalqının rifahına sərf etməlidir: “Biz açıq və şəffaf şəkildə Əsəd rejiminə və Rusiyaya bildirmişik ki, İran Suriyanı tərk etməlidir. Biz demişik ki, İran nəinki Suriyanın cənub-qərb hissəsini, hətta bu ölkənin bütün bölgələrini tərk etməli, hərbi qüvvələrini Suriyadan çıxarmalıdır.



Təəssüflər olsun ki, haqqında danışdığımız bu terrorçu rejimin, yəni İran İslam Respublikası rejiminin elə bir kampaniyası var ki, onun vasitəsilə Suriyada yüz minlərlə insanın qətlə yetirilməsi və 6-7 milyon suriyalının ölkədən didərgin düşməsi ilə nəticələnən Əsəd rejimini və onun cinayət xarakterli əməllərini dəstəkləyir. Elə buna görə də hesab edirik ki, İran rejimi Suriya rejimi qədər bu ölkədə yaranmış acınacaqlı vəziyyətə görə məsuliyyət daşımalıdır.



Ümid edirik ki, İran İslam Respubliksı rejimi Suriyada oynadığı roluna və əməllərinə yenidən baxacaq və bu ağır günlərdə öz vətəndaşlarının problemlərinin həlli ilə məşğul olacaq” – deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed