Şrift:
Ərdəbil zindanında saxlanılan bəluç siyasi məhbus açıq məktub yazıb
07.05.2020 [12:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil həbsxanasında saxlanılan bəluç məhbus Məhəmməd Sabir Məlek Rəisi açıq məktub yazaraq Ərdəbil baş prokurorunun siyasi məhbusların “canının əhəmiyyətsiz olduğu” ilə bağlı dediyi sözlər barədə yeni detallar açıqlayıb.





O, bu məktubda mart 29-da Ərdəbilin baş prokuroru Abdulla Təbatəbayinin “kobud, məntiqsiz, qeyri-hüquqi sözlər sərf edərək siyasi məhbusların ölüm fitvasını verdiyi” zaman azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin sərt, qətiyyətli və məntiqli reaksiyası və toxunduğu hüquqi məsələlər qarşısında sürətlə vicdan məhbuslarının saxlandığı 7-ci bölümü tərk etdiyini yazıb.





Məhəmməd Sabir Məlek Rəisi əlavə edib ki, həmin zaman başqa kameradan görüş keçirən Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati də Abbas Lisaninin qətiyyətli və yüksək səsini eşidir və 7-cı bölməyə gəlir, lakin o da, azərbaycanlı mübariz fəalın haqlı sözləri və irəli sürdüyü hüquqi suallar qarşısında “cavab verməkdən aciz qalaraq narahat və qızarmış vəziyyətdə” oradan uzaqlaşır.





Bəluç məhbus bu məsələdən sonra zindanın daxilində və xaricində Abbas Lisaniyə qarşı mənfi təbliğat aparıldığını, bəzilərin qara yaxmalara əl ataraq insanlıq və şərəfi ayaq altına aldığını vurğulayıb.





Məhəmməd Sabir Məlek Rəisi açıq məktubu yazmaqdan məqsədinin ictimaiyyəti aydınlaşdırmaq və məsələ ilə bağlı anlaşılmazlıqları ortadan qaldırmaq olduğunu bildirib.





Qeyd edək ki, Abdulla Təbatəbayi koronavirus epidemiyası ilə bağlı məhbusların məzuniyyəti ilə əlaqədar Ərdəbil həbsxanasında olduğu zaman “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də ittiham olunan bəluç məhbusa “təhlükəsizlik və siyasi ittihamlara görə həbs edilən məhbusların nəfəs çəkməsi belə haramdır” ifadəsini işlətmişdi. Bu məsələ tanınmış fəal Abbas Lisaninin sərt reaksiyasına səbəb olmuşdu.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed