Şrift:
Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb
08.05.2020 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın bir çox məntəqəsində mayın 6-dən etibarən yağmağa başlayan güclü yağışlar daşqınların baş verməsinə səbəb olub.



Məlumata görə, müvafiq qurumların su kanalizasiyalarının işlək və yararlı vəziyyətdə saxlaması ilə bağlı zamanında profilaktik tədbirlər görmədiyindən yağan leysan yağışı müxtəlif şəhərlərdə kanalizasiyaların daşmasına, yolların suyun altında qalmasına və evləri su basmasına səbəb olub.



May 6-da yarım saat ərzində yağan dolu və yağış yolların suyun altında qalmasına səbəb olaraq nəqliyyat vasitələrinin hərəkətini iflic etdi. Yağıntı nəticəsində həmçinin evləri su basdı. Bostanabaddakı kanalizasiya xətləri güclü yağıntı zamanı daşır və çirkab sular şəhərə axır.





Bostanabad Bələdiyyəsinin sədri Şəfiqə Bədr Azər şəhərin yoxuşlu ərazidə salındığını problemin səbəbi kimi göstərərək, onun həllinin bələdiyyə gündəmində olduğunu deyib.





Bostanabad Şəhər İcra Hakimiyyətinin başçısı Seyid Əli Musəvi də yağıntılar nəticəsində yaşayış evləri və təsərrüfata ziyan dəydiyini bildirib.



Xalxal şəhərində də güclü leysan yağışları və dolunun yağması Hiroçayın daşması və sel ilə nəticələnib. Məlumata görə, sel bağçılara ciddi ziyan vurub.





Xalxal Su idarəsinin rəisi Rza Şəmsin dediyinə görə, Hiroçayın üzərinə körpü salma əməliyyatı aparıldığı üçün çayın əsas yatağı bələdiyyə tərəfindən dəyişdirilib. O əlavə edib ki, körpünün tikildiyi yerdə çayın yatağının əvvəlki vəziyyətə qaytarılmadığı müddətcə hər dəfə yağıntı baş verən zaman ətraf bağları su basacaq.





Xalxal Bələdiyyəsinin sədri Rza Şəms isə körpü inşasının səkkiz il öncə başlanıldığını, lazımı büdcənin ayrılmadığına görə yarımçıq qaldığını bildirib.





“Bu layihə yarımçıq vəziyyətdə buraxılıb və hər dəfə güclü yağıntılar baş verəndə şəhərin həmin hissəsinin əlaqəsi digər yerlərlə kəsilir və əhalinin gediş-gəlişi üçün problem yaranır” – deyə o artırıb.





Şəms qeyd edib ki, bələdiyyənin mövcud maddi vəsaiti ilə bu körpünün tamamlanması üçün illər lazımdır.


Azərbaycanın digər şəhərlərində də sel evlərə, bağlara və əkin sahələrinə ziyan vurub. Bununla yanaşı bir xeyli kənd güclü sel və torpaq sürüşməsi təhlükəsi ilə qarşı-qarşıyadır.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed