Şrift:
İran sərhədçilərinin çaya atdığı əfqan mühacirlərdən daha 12 nəfərinin cəsədi tapılıb
08.05.2020 [12:51] - Güney Azərbaycan xəbərləri
İran sərhədçilərinin çaya atması nəticəsində boğularaq ölən əfqan mühacirlərdən daha 12 nəfərinin cansız bədəni sudan çıxarılıb.



Əfqanıstan rəsmilərinin yaydığı məlumatda bildirilir ki, bununla da ölü olaraq çaydan tapılan əfqan miqrantların sayı 17 nəfərə çatıb.



Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Əfqanıstanın Herat əyalətindən İrana keçmək istəyən təqribən 50 əfqan miqrant İran sərhədçiləri tərəfindən saxlanılıb. Sərhədçilər həmin miqrantları vəhşicəsinə döyüb, daha sonra onları geri qayıtmaları üçün Herirud çayına atıblar. Hadisə nəticəsində 12 nəfər sağ qala bilsə də, bu günə qədər 17 nəfərin cəsədi çaydan çıxarılıb. Qalan insanların taleyindən xəbər yoxdur və onların tapılması üçün axtarış işləri davam edir.



Xilas olan şəxslər bildirirlər ki, İran sərhədçiləri onları 1 gün həbsdə saxladıqdan sonra Herirud çayına atıblar. O əsnada həmin insanlardan çoxu suda batıb.



Ötən gün Herat əyalətinin Gülran şəhərinin icra başçısı Əbdülğəni Nuri məsələ ilə əlaqədar verdiyi açıqlama bildirib ki, ilkin tədqiqatlar həmin miqrantların iki ölkənin sərhəddinin İran tərəfdə yerləşən Zülfüqar bölgəsində suya atıldığını göstərir.



İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi ötən həftə hadisənin Əfqanıstan torpağında qeydə alındığını iddia etmişdi.



Yaşanan acı hadisəyə Amerika Birləşmiş Ştatları da reaksiya verib. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo məsələ ilə əlaqədar bildirib ki, İran sərhədçilərinin əfqan miqrantları həbs etməsi, işgəncə verməsi və suda batırması ilə əlaqədar məlumatları oxuyanda şok olub.



ABŞ-ın Kabildəki səfirliyi də hadisədən dərin narahatlıq keçirdiyinə dair məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed