Şrift:
Saxlanılan güney azərbaycanlı fəalın ailəsinə təzyiq göstərilir
09.05.2020 [13:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
On gündən artıqdır İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadənin (Kərim Boksor) ailəsinə təzyiq göstərilir.





Son aylarda dəfələrlə həbs edilən milli fəal aprel 27-də Təbriz şəhərində saxlanılıb. Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələ də heç bir məlumat yoxdur.





Verilən xəbərə görə, bu günə qədər onun barəsində prokurorluğa heç bir məlumat göndərilməyib, lakin İran polisinin təhlükəsizlik idarəsinin İsmayılzadəyə qarşı saxta ittihamlar irəli sürərək cinayət işi qaldırmağa çalışdığı bildirilir.





Həmçinin milli fəalı və ailəsini psixoloji təzyiq altında saxlamaq istəyən İranın hüquq-mühafizə orqanlarının əməkdaşları İsmayılzadənin evinə hücum edərək onun şəxsi avtomobilini müsadirə ediblər. Polis məmurlarının kobud davranışı nəticəsində milli fəalın kiçik qızı Tamayın ruhi cəhətdən ağır vəziyyətdə olduğu bildirilir.





Kərim İsmayılzadə daha öncə fevral 27-də Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında ictimaiyyəti təşvişə salmaq ittihamı üzrə Ettelaat (Kəşfiyyat) İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb, bir neçə gün saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı.





İsmayılzadə fevral ayında keçirilən parlament seçkiləri zamanı Qərbi Azərbaycan şəhərlərində fərqli vəziyyət olduğunu bildirərək əhalini seçkilərdə aktiv olmağa çağırmışdı.





Milli fəal növbəti dəfə martın 17-də Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bir müddət sonra sərbəst buraxılmışdı.





İctimai məsələlərdə fəallığı ilə tanınan idmançı bundan əvvəl Azərbaycan əhalisini sel və zəlzələ bölgələrinə yardım etməyə, Qərbi Azərbaycanda seçkilərdə aktiv olmağa, eləcə də ana dilini müdafiə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində türkcə kitablar paylaşmağa və azərbaycanlı yazıçılara dəstək verməyə çağırmışdır.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed