Şrift:
Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə ikinci mərhələyə start verilib
11.05.2020 [17:05] - Xəbərlər, Siyasət
Mayın 11-dən etibarən Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə ikinci, “Nəzarətli sosial həyat” mərhələsi başlayıb.

Son günlər ölkədə sağalanların sayının yoluxanlarla müqayisədə dəfələrlə artması sosial həyatın da mərhələli normallaşmasına yol açıb. Bu mərhələdə bu gündən etibarən alış-veriş mərkəzləri, gözəllik salonları, bərbərxanalar və bəzi kiçik kafelər kimi bir sıra ictimai iaşə obyektləri fəaliyyətə başlayıb. Mayın 10-dan etibarən əhali arasında yaşı 20-dən aşağı, 65-dən yuxarı olanların da həftənin müəyyən günləri evdən çıxmalarına icazə verilib. Bundan əlavə, bəzi şəhərlərarası gediş-gəlişlər də bərpa olunub.

Hazırda Türkiyənin və dünyanın ən böyük şəhərlərindən biri olan İstanbulda alış-veriş mərkəzlərinə girmək üçün sıraya duran insanları görmək olar. Belə ki, bu məkanlara müəyyən sayda insan daxil ola bilər ki, onların da qızdırmaları ölçülür, əlləri dezinfeksiya edilir. Gözəllik salonları və bərbərxanalarda da müəyyən gigiyena qaydaları tətbiq olunur.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Nazirlər Kabinetinin növbəti toplantısı keçiriləcək. Bu toplantıda növbəti yumşaltmalar və 19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı daxil olmaqla, mayın 16-19 tarixlərində 4 gün komendant saatının tətbiqi ilə bağlı yeni qərarların qəbul olunması gözlənilir.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed