Şrift:
İranın kənd təsərrüfatı idarəsi Urmiya gölü ətrafında dəvə yetişdirməyi planlaşdırır
12.05.2020 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsi Urmiya gölü ətrafında dəvə yetişdirmək istəyən fermerlərə dövlət tərəfindən kredit veriləcəyini bildirib.





Bu haqda məlumat verən idarənin direktor müavini Həbib Şərifian gölün ətraf ərazisinin dəvə yetişdirmək üçün əlverişli olduğunu iddia edib.





Halbuki, dəvə sürüləri gölün ətrafındakı təbii bitki örtüyü üçün təhlükə yaradaraq duz fırtınalarını daha da gücləndirə bilər.





Şərifian məntəqədəki iqlim dəyişikliyinə toxunaraq bununla əlaqədar gölün ətraf ərazisində yetişdirilən heyvan növlərinin dəyişdirilməsinin zəruri olduğunu iddia edib. O, quraqlıq nəticəsində gölün ətrafında əmələ gələn bitki örtüyünün dəvələrin otlaması üçün münasib olduğunu deyib.



Şərifian gölün ətrafında təsis olunan dəvə yetişdirmə fermalarının dövlət tərəfindən dəstəklənəcəyini bildirib. Onun sözlərinə görə, dövlət tərəfindən dəvə fermalarına kreditlə yanaşı yem də ayrılacaq.



Kənd Təsərrüfatı İdarəsinin rəsmisi 1700 birhürgüclü dəvənin Şərqi Azərbaycana gətirldiyini də bildirib.



Son günlərdə Urmiya gölünün ətrafında yerləşən şəhər və kəndlərdə, xüsusilə də Xorxor kəndində dəvə sürüləri tez-tez müşahidə olunur.





Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi, eləcə də gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed