Şrift:
Anosmiya və onun müalicəsi
14.05.2020 [11:34] - Xəbərlər, Sağlıq
Qoxu insan həyatına rəngarənglik, duyula bilən fərqli iylər isə zövq bəxş etdiyi kimi, müxtəlif xəstəliklərdən də qoruyur. Yanıq və qaz qoxusunu vaxtında hiss edərək bədbəxt hadisələrin qarşısının alınması həmin duyğu üzvünün normal fəaliyyəti hesabına baş verir.

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının otolarinqoloqu Gülyaz Kazımova bu badə deyib: “Burun boşluğunun yuxarı mərtəbəsində yerləşən reseptorlar 200 minə qədər fərqli qoxunu ayırd etməyə imkan verir. Qoxu hissiyyatından məhrum olmaq anosmiya, iybilmənin azalması isə hiposmiya adlandırılır. Anosmiya və hiposmiya həm anadangəlmə, həm də qazanılma ola bilər. Anadangəlmə anosmiya qoxu yollarının inkişaf etməməsi nəticəsində yaranır və bir çox hallarda kəllənin üz və burun hissəsinin anomaliyaları ilə birlikdə müşahidə edilir.

Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningit, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır. Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər”.

Anosmiyanın müalicəsi barədə məlumat verən həkim-otolarinqoloq bildirib: “Müalicəyə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoymaq üçün xəstə baş-beynin kompüter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçməlidir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Nikolay Bemşteynin qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif edib. Bu cür aparılan müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir.

Anosmiyanın müalicəsində xalq təbabəti üsulları ilə daha uğurlu nəticələr əldə etmək mümkündür, lakin təbii üsullarla müalicəyə başlamazdan əvvəl mütləq onun səbəbini aydınlaşdırmaq lazımdır. Anosmiyanın mərkəzi formalarında proqnoz əsas xəstəlikdən asılıdır. Periferik formalarda isə müalicə tədbirləri burun tənəffüsünün bərpasına, burun boşluğu və ciblərin sanasiyasına yönəlib”.

O, müalicə prosedurları barədə deyib: “Burun boşluğu dəniz suyu və ya evdə hazırlanmış duzlu məhlulla gündə üç dəfə yuyulur. Məhlulu hazırlamaq üçün 1 stəkan ilıq suya 1 çay qaşığı xörək duzu və 8 damcı yod əlavə edilir. Hər yumadan sonra hər burun dəliyinə 3 damcı dəmrovotu sirkəsi damcılanır.

Qripdən 10 gün sonra qoxu hissiyyatı bərpa olunmursa, gündə 2-3 dəfə yarıbayarı su və ya təbii sirkə ilə qarışdırılmış qıtıqotu şirəsindən hər burun dəliyinə 3 damcı tökülür.

Tam qurudulmuş sugülü otu qəhvəüyüdəndə xırdalanıb toz halına salınır, 9 hissə sugülü tozuna 1 hissə kərə yağı qatılır. Şüşə qaba qoyularaq soyuducuda saxlanılır. Hər gün burun dəliklərinin dərinliklərinə çəkilir.

Hər gün isidilmiş tavaya bir qədər təbii üzüm və ya alma sirkəsi tökülür, onun buxarı ilə nəfəs alınır. Prosedur 10 gün davam etdirilir.

Hər gün çuğundur yarpağının şirəsi ilə bal qarışığı buruna damcıladılır. Qarışığı hazırlamaq üçün 100 millilitr şirəyə 1 çay qaşığı bal əlavə edilir.

1 xörək qaşığı qurudulmuş gülümbahar çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15 dəqiqə buxar üzərində dəmlənir, soyuyandan sonra istifadə olunur. Gündə 1-2 dəfə burun boşluğu gülümbahar çiçəklərinin ilıq dəmləməsi ilə yuyulur. Prosedur 7-10 gün aparılır.

Eyni qaydada adaçayı və ya evkalipt yarpaqlarının dəmləməsindən də istifadə etmək olar.

Hər gün yovşan otu yandırılır və tüstüsü ilə nəfəs alınır. Prosedur 1 ay ərzində aparılır”.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed