Şrift:
ÜST: Koronavirus bəlkə də heç zaman məhv olunmayacaq
14.05.2020 [12:14] - Xəbərlər, Sosial
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan koronavirus pandemiyasının bütün Yer kürəsində sürətlə yayılmasından sonra bu infeksiyanın tamamilə məhv edilə biləcəyinə şübhə ilə yanaşıb.

ÜST rəsmisi Cenevrədə keçirilən brifinqdə bu virusun əhali arasında “məskunlaşa” biləcəyi ehtimalını da dilə gətirib. O, qeyd edib ki, yüksək effektivliyə malik peyvənd tapılmasa, yeni növ koronavirus bəlkə də məhv olunmayacaq.

Mütəxəssis bildirib ki, insanda Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) törədicisi olan immun çatışmazlığı virusunun (İİV) da kökünü kəsmək mümkün deyil. Lakin tibb elmi bu virusa qarşı dərman preparatları və preventiv tədbirlər hazırlayaraq, onun qorxuncluğunu azalda bilib. Xəstəliklər arasında müqayisə aparmaq niyyətində olmadığını bildirən M.Rayan oxşar ssenarinin koronavirusla da mümkün ola biləcəyini istisna etməyib.

ÜST rəsmi vurğulayıb ki, təhlükəli ağciyər xəstəliyi COVID-19-un törədicisi SARS-CoV-2 virusunun kökünü Yer üzündən kəsmək üçün yeganə şans yüksək effektli peyvənddən asılıdır. Belə bir peyvənd maddəsi yetərli həcmdə istehsal edilməli, dünyada hamı üçün əlçatanlı olmalı və insanlar onlara bu peyvəndin vurulmasına razılıq verməlidirlər.

Bundan başqa o, dünyanın müxtəlif ölkələrində səhiyyə sisteminin zəif inkişaf etməsini və ümumiyyətlə insanlar arasında peyvəndə qarşı skeptik yanaşmanın geniş yayılmasını da növbəti əngəllər kimi dəyərləndirib. M.Rayan hazırda bir sıra xəstəliklərə qarşı effektiv peyvəndlərin mövcudluğuna baxmayaraq, onlardan effektiv istifadənin mümkün olmamasından şikayətlənib və hər il qızılcaya yoluxanların çoxalmasına diqqət çəkib.

ÜST eksperti Maria van Kerkhove isə bildirib ki, hazırkı mərhələdə virusa yoluxanların müəyyən edilməsi, onların təcrid olunması və onlarla təmasda olan şəxslərin nəzarətə götürülməsi, eləcə də xəstələrin effektiv müalicəsi sayəsində virusun yayılmasını nəzarətdə saxlamaq mümkündür. Bununla yanaşı peyvənd və dərman preparatları üzərində iş aparılır və yüksək təsirli dərman vasitələri virus üzərində qələbəni təmin edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed