Şrift:
Qafqazın yeganə zubr ailəsi böyüyür – İsmayıllıdan REPORTAJ
14.05.2020 [15:29] - Gündəm, Sosial
Şimali Qafqazda sonuncu zubr XX əsrin əvvəllərində öldürülüb, Cənubi Qafqazda isə onların nəsli daha əvvəl kəsilib. Zubrlar vaxtilə Avrasiyada çox geniş yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli kəsilmək üzrə olub. Qafqaz zubru kimi tarixə düşən bu bizonlar, iqlim dəyişdikcə ovçu hücumlarına məruz qaldığından nəsli tükənmək təhlükəsi ilə üzləşmişdi. Əbəs yerə zubrlardan söz açmadıq, ötən il ölkəmizə gətirilən zubrlardan ikisi bala verib.

Qobustan qayalarında rəsmləri çizilən, cizgi filmlərində, filmlərdə izlədiyimiz zubrları yenidən Azərbaycanda görmək mümkündür.

Zubrları yaxından görmək üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsinə yola düşürük. İsmayıllının Buynuz kəndindən keçərək mənzil başına çatırıq. Bölmədə bizi ilk qarşılayan mütəxəssis, Parkın bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Səmədova oldu.

Vəhşi təbiətdə olan zubrların yanına çatmaq üçün bir qədər meşə ərazisində avtomobillə irəliləyirik. Bu müddət ərzində isə bələdçimiz bizə ərazidəki təhlükəsizlik qaydaları və zubrların yaşadığı milli park haqqında məlumat verir.

“Bura Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük milli parkıdır. Şahdağ Milli Parkı Quba, Qusar, Oğuz, Qəbələ, Şamaxı və İsmayıllı rayonlarının ərazisində yerləşir. Ümumiyyətlə milli parkda çoxlu sayda nadir və nəsli kəsilməkdə olan heyvan növləri və bitkilər var. Heyvan növlərindən əsasən, Avropa cüyüru, nəcib maral, qonur ayı və digər heyvanlar burada məskunlaşıb. Sevindirici haldır ki, ötən ilin may ayında ölkəmizə Qafqazda tarixən məskunlaşmış, lakin 1927-ci ildə kökü brokeynerlər tərəfindən kəsilən zubrlar gətirilib”, - deyə o bildirir.

Xatırladaq ki, Qafqaz zubrları IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Almaniya, Fransa və Belçika zooparklarından ölkəmizə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib. İlkin mərhələdə zubrlar burada volyerlərə (heyvanların saxlanması üçün meydança) yerləşdirilib. Bir müddət adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılıb.

Bir az irəlidə Avropadan gətirilən zubrlar görünür. Bu zubrların 9-u dişi, 3-ü erkəkdir.

Arzu Səmədov deyir ki, parka gətirilən zubrlar xüsusi seçilib: “Gördüyünüz bu zubrlar Avropada olan dişi Qafqaz zubrunun geninin daşıyıcılarıdır. Noyabr ayında ana zubrlardan biri dünyaya bala gətirib. Bundan əlavə, bir neçə gün əvvəl də zubrların ailəsində yenidən artım baş verib. Bir sözlə, zubrların artım verməsi onu göstərir ki, onlar bu əraziyə uyğunlaşıblar”.

İki və beş yaş arası olan bu heyvanlar ildə bir dəfə bala verir. Zooparkdan gəlmələrinə baxmayaraq, parkda olan ilk qışdan da xəstəliksiz çıxıblar.

“Zubrlar əsasən şimal ölkələrində yaşayır, soyuğa olduqca davamlıdır. “Şahzubar” adlandırdığımız zubr noyabr ayında doğulanda bəzi insanlar, təbiətsevərlər narahat idilər ki, görəsən, soyuq qışı keçirə biləcəkmi? Şükürlər olsun, bala artıq böyüyüb, bu da onu göstərir ki, bu əraziyə tam uyğunlaşıblar”, - deyə Arzu Səmədov vurğulayır.

Baxmayaraq ki, Milli Parkın ərazisində ayı, canavar və digər yırtıcı heyvanlar var, amma onlar zubrlar üçün real təhlükə sayılmır. Zubrlar park ərazisində olan otlar və ağac yarpaqlarından yem kimi istifadə edirlər. Bundan əlavə, onlara gün ərzində iki dəfə əlavə yem də verilir.

Ötən il bu bölgəyə zubrların sorağı ilə 1000-dən çox yerli və xarici turist səfər edib.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed