Şrift:
Naxçıvan şəhərində xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq payı, geyim dəsti və tibbi ləvazimatlar verilib
14.05.2020 [15:38] - Gündəm, Sosial
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərində yaşayan 6 aztəminatlı, sağlamlıq imkanları məhdud, çoxuşaqlı ailələrlə görüş keçirilib.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ailələrlə görüş zamanı komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Orxan Məhərrəmov dövlətimizin insan amilinə verdiyi yüksək qiymətdən, aparılan məqsədyönlü sosial siyasətindən ətraflı bəhs ediblər. Bildirilib ki, bu gün bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı istiqamətlərindən biridir.

Vurğulanıb ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.

Görüşlərdə xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq payı, geyim dəsti və tibbi ləvazimatlar verilib.

Ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ailələrlə keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed