Şrift:
Mebel sənayesi sahəsində düzgün peşə seçimi və iş imkanları ilə bağlı vebinar təşkil olunub
14.05.2020 [15:39] - Xəbərlər, Mədəniyyət
Mayın 14-də peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə mebel sənayesi sahəsində iş imkanları mövzusunda vebinar təşkil olunu

Vebinarda BMT İnkişaf Proqramının Azərbaycanda peşə təlimi və tədrisi mərkəzlərinin müasirləşdirilməsi layihələrinin koordinatoru Zəhra Əmrahova Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdən danışıb. Bildirib ki, layihə çərçivəsində mebel sənayesini kadrlarla təmin edən ixtisasların inkişaf etdirilməsi məqsədilə kurikulumlar və dərs vəsaitlərinin yenilənməsi ilə yanaşı bir emalatxana da tam müasirləşdirilib. Emalatxana mebel ustası, dülgər və üzlükçü-dizayner ixtisası üzrə bütün avadanlıqlarla təmin olunub.

Zəhra Əmrahova vurğulayıb ki, bu gün peşə təhsili alan qadınların sayının artması sevindirici haldır. Layihə çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində üzlükçü-dizayner ixtisasında bu il məzun olacaq 19 qadın təhsil alır. Onlar “Woodpecker” mebel şirkətində təcrübə keçiblər, hazırda işəgötürülmə mərhələsindədirlər.

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadıqov qeyd edib ki, qarşıda duran məqsəd işəgötürənlərlə sıx əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar hazırlamaqdır. Bunun üçün əmək bazarının dərindən öyrənilməsinə ehtiyac var. Araşdırmalar göstərdi ki, Azərbaycanın cənub bölgəsində mebel sənayesi daha çox inkişaf edib. Ona görə də bizim mərkəz mebel sənayesi üzrə kadrlar hazırlayan ixtisasların daha da inkişaf etdirilməsinə üstünlük verir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov vurğulayıb ki, peşə təhsilinin inkişafı özəl sektorun iştirakı olmadan mümkün deyil. Çünki peşə təhsili müəssisələri işəgötürənlər üçün kadr hazırlığı ilə məşğuldur. Peşə məktəbləri üçün ixtisaslar müəyyənləşdirilərkən işəgötürənlərin fikirləri nəzərə alınmalıdır. Qəbul planına işəgötürənlərin tələblərinə uyğun kadr hazırlayan ixtisaslar salınmalıdır.

Zamin Bədirxanov məlumat verib ki, 2020-2021-ci tədris ilində peşə təhsili müəssisələrinə qəbul prosesinin avqust ayında keçirilməsi nəzərdə tutulur. Bu il ilk dəfə olaraq qəbul həm də elektron qaydada həyata keçiriləcək. Texniki şəraiti imkan verən hər bir şəxs evdən çıxmadan məlumatlarını elektron qaydada daxil etməklə, 5 ixtisas seçərək peşə təhsil müəssisələrinə qəbul üçün müraciət edə biləcək. Texniki şəraiti olmayanları nəzərə alaraq qəbul “ASAN xidmət” mərkəzlərindən də aparılacaq.

“Woodpecker” mebel şirkətinin direktoru Əliyar Əliyev qeyd edib ki, cənub bölgəsində mebel sənayesini inkişafı bu sahədə ixtisaslı kadrlara olan ehtiyacı artırır. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində mebel sənayesi istiqamətində ixtisasların məzunlarının işlə təmin olunması istiqamətində əməkdaşlığımız uğurla davam edir. “Woodpecker” şirkətində təcrübəyə gələn şagirdlər üçün xüsusi təlimçi müəllimlər ayrılıb. Bu da əmək bazarının tələblərinə uyğun kadr hazırlığına müsbət təsir göstərir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanan vebinarda izləyicilərin sualları da cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed