Şrift:
Qobustanda antik dövrə aid nekropol aşkar edilib
15.05.2020 [10:00] - Gündəm, Mədəniyyət
Qobustan rayonunun Sündü kəndi ərazisində, təsadüfi qazıntı zamanı antik dövrə aid nekropol aşkar edilib. Tapıntı kənd orta məktəbi üçün tikiləcək yeni binanın bünövrəsi qazılarkən 1-2,5 metr dərinlikdən çıxan müxtəlif ölçülü saxsı qablar çıxarkən aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev bildirib ki, əraziyə baxış keçirilərkən tikinti sahəsində çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqlarının olduğu müşahidə edilib. Əldə olunan maddi-mədəniyyət nümunələrinə əsasən buranın antik dövrə aid nekropol olduğu müəyyən edilib. Arxeoloqun fikrincə, əraziyə yayılan daşlara əsasən bu qəbirlərin daş qutu qəbirlər olduğunu güman etmək olar. Torpağın üst qatı ekskovatorla götürüldüyündən nekropol dağılıb, təbəqə qarışıb.

Ekspedisiya rəisindən bu gün aldığımız məlumata görə ərazidə tədqiqat işlərinin yekunlaşmasına qədər bütün işlər dayandırılıb.

Akif Quliyev bildirib ki, əldə edilən razılığa əsasən yaxın vaxtlarda qeyd olunan ərazidə kəşfiyyat işlərinə başlanacaq, abidənin sərhədləri müəyyən ediləcək və qeydiyyata alınacaq.

Qeyd edək ki, Qobustan rayonunun Sündü kəndi tarixi baxımdan unikal bir yerdir. Kənd ərazisində qeydə alınan 36 qədim qəbristanlıq, 920-ci ildə inşa edilən məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur.
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed