Şrift:
Braziliyada koronavirusa rekord sutkalıq yoluxma halı qeydə alınıb
15.05.2020 [15:14] - Xəbərlər, Siyasət
Braziliyada son sutka ərzində COVID-19 infeksiyasına 13 min 944 yeni yoluxma halı aşkarlanıb. Bu, ölkədə koronavirusa rekord sutkalıq yoluxmadır.

Globo telekanalı xəbər verir ki, ötən sutka ərzində Braziliyada daha 844 nəfər COVID-19 xəstəliyindən həyatını itirib.

Ölkə Prezidenti Jair Bolsonaru dəfələrlə bildirib ki, koronavirus təhdidini şişirdilmiş sayır. Həkimlərin tövsiyəsinə baxmayaraq o, maskadan və əlcəkdən istifadə etmir, kütləvi tədbirlərə qatılır, eyni zamanda, izolyasiya rejiminin və müəssisələrin fəaliyyətinin dayandırılmasının əleyhinə çıxır. Prezident pandemiya şəraitində tətbiq ediləcək strategiya barədə bir neçə həftə davam edən mübahisələrdən sonra aprelin ortalarında Səhiyyə naziri Enrike Mandettanı istefaya göndərib. “Instagram”, “Twitter” və “Facebook” sosial şəbəkələri Jair Bolsonarunun qeydlərini koronavirus infeksiyasının qeyri-ciddiliyi barədə yalan informasiya hesab edərək onları dəfələrlə pozub.

Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 14:40-a olan məlumatına əsasən, dünyada 4 milyon 545 mindən çox yoluxma və 303 min 849 ölüm faktı qeydə alınıb, COVID-19 xəstəliyindən sağalanların sayı isə 1 milyon 716 min nəfərə yaxınlaşıb.

Braziliyada indiyədək yeni koronavirusa yoluxanların sayı 203 min nəfəri ötüb, 14 min nəfər isə həyatını itirib. Hazırda müalicə alan 109 min 687 xəstədən 8 min 318-nin vəziyyəti ağırdır.
Bu xəbər oxucular tərəfindən 229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed