Şrift:
"Traxtur"un həkimi İranın koronavirusun yayıldığı vəziyyətdə çempionatı davam etdirmək imkanının olmadığını deyib
15.05.2020 [15:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın "Traxtur" klubunun həkimi Dr. Pedram Xudaquluzadə İranın koronavirusun yayıldığı vəziyyətdə çempionatı davam etdirmək imkanının olmadığını deyərək, cari ilin çempionatının ləğv edilməsini istəyib.



Klubun həkimi, Dr. Pedram Xudaquluzadə koronavirusun yayılması səbəbindən bir çox ölkələrin milli çempionatların oyunlarını tamamilə dayandırdığını, yalnız çox az ölkənin yenidən çempionata davam etmək üçün klublara məşq etmək icazəsi verdiyini deyib. Onun sözlərinə görə, şəxsi müşahidələri və yayılan xəbərlərdə Avropa klublarının məşqlərə ciddi gigiyenik qaydalara riayət edərək məşq etdikləri müşahidə edilir. Hansı ki, İran klublarının bu cür gigiyenik qaydalara əməl etmək lazımı imkan və infrastrukturları yoxdur.



"Traxtur"un həkimi həmçinin bildirib ki, koronavirusun təqribən 2 həftə ərzində inkubasiya dövrü keçdiyini nəzərə aldıqda, 1 futbolçunun infeksiyaya yoluxub- yoluxmamasını hərarət ölçməklə təyin etməyin mümkün deyil. Belə olduğu təqdirdə, 1 nəfərin koronavirusa yoluxması klubun bütün oyunçuları və texniki heyətinin də xəstələnməsi anlamındadır. Bundan başqa, idmançıların əksər vaxtlarda təlim- məşq toplantılarına 1 avtobusda gəldiklərini, ümumi hamam, ayaq yolu və geyinib- soyunma otaqlarından istifadə etdiklərini nəzərə alsaq, onlar arasında koronavirusun yayılma riski çox yüksəkdir. İran klublarının ictimai izolyasiya tədbirlərinə uyğun olaraq, idmançılar üçün yuxarıda sadalanan pridmentləri fərdi olaraq təşkil edə bilmədiklərini düşünsək, çempionatın keçirilməsinin davam etdirilməsi qeyri- mümkündür.



O, həmçinin qeyd edib ki, "Traxtur" klubu özəl olduğundan, digər klublara nisbətən daha yaxşı imkanlara sahibdir. Lakin digər klubların maddi- texniki bazaları çox zəifdir. Bir çox hallarda qonaq komanda, ev sahibi və hakimlər heyəti hamısı kiçik bir oteldə yerləşdirilirlər. Bu isə koronavirusun yayıldığı mövcud vəziyyətdə idmançıların həyat və sağlamlığına qarşı təhlükəni daha da artırır.



"Təəssüflər olsun ki, bir çox ev sahibi olan klubun hamamında isti su və təmiz ayaq yolu yoxdur. Belə anti-sanitar vəziyyətdə idmançıların koronavirusa yoluxmasının qarşısını necə ala bilərik? Bizim klublarımızın da Real Madrid, Barcelona, Atletico Madrid, Bayern Munich və bu kimi komandalar kimi texniki təchizatı olsaydı, çempionata davam etmək mümkün olardı. Bir idmançının koronavirusa yoluxması futbolu və onun gələcəyini məhv edəcək. Buna görə də bu ilin çempionatının ləğv edilməsi, gələn ilin çempionatına diqqət yetirilməsi daha məqsədə uyğundur. Digər tərəfdən, idmançıların uzun müddət yaşıl meydançalardan kənar qalması, hazırda isə onlara məşq üçün çox az vaxt verilməsi çempionatın başlayacağı təqdirdə, zədələnmə ehtimallarını artırır", - deyə Dr. Pedram Xudaquluzadə fikrini tamamlayıb.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed