Şrift:
Təbrizdə istifadə olunan avtobusların 60%-i köhnədir
18.05.2020 [15:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərinin ictimai nəqliyyat sistemində istifadə olunan avtobusların 60 faizi köhnə və yararsız vəziyyətdədir.





Bu barədə Təbriz Şəhər Şurasının İnşaat və Nəqliyyat Komissiyasının sədri Abdulla Tağıpur məlumat verib.





Şəhər şurasının iclasında çıxış edən Tağipur müvafiq qurumların avtobus parkının yenilənməsi barədə xəbərdarlıqlara önəm vermədiklərini bildirib.





O əlavə edib ki, hazırda şəhərin ictimai nəqliyyat sistemində istismarda olan 750 avtobusdan 450 ədədi tamamilə yararsız vəziyyətdədir və yenilənməlidir.





Tağipurun sözlərinə görə, bu problemə laqeyd yanaşmaq sentyabr ayında məktəblərin açıldığı zaman problemlərə səbəb olacaq.





O, şurada keçirilən iclaslarda Təbrizdəki mövcud vəziyyəti tənqid etməyə icazə verilmədiyini bildirərək əlavə edib ki: “Əvvəlki iclasda bələdiyyə başçısına ünvanladığım sual bu gün cavablandırılmalı idi, lakin bu barədə hələ ki heç bir cavab yoxdur”.





Tağipur şuranın idarə heyətinə ona söz haqqı tanımadıqları təqdirdə məsələləri kütləvi informasiya vasitələri ilə bölüşəcəyi barədə xəbərdarlıq edib.





İran dövləti Təbriz avtobus parkının yenilənməsi istiqamətində heç bir kömək göstərmir. Buna görə də şəhərin ictimai nəqliyyat sisteminin modernləşdirilməsi ləngiyir. Hazırda Təbrizdə müxtəlif marşrut xətləri üzrə istismarda olan avtobuslardan 160-i 15 ildir ki fəaliyyət göstərir. Halbuki, standartlara görə, sərnişindaşıma vasitələri maksimum 10 il fəaliyyət göstərdikdən sonra sıradan çıxarılmalıdır.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed