Şrift:
COVID-19 pandemiyası ərəb ölkələrində işləyən 23 milyon miqrantı işsiz qoyub
19.05.2020 [15:43] - Gündəm, Sosial
Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, COVID-19 pandemiyası Körfəz Dövlətləri Şurasına daxil olan altı ölkədə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Oman və Qətərdə əsasən Hindistan və Pakistandan olan 23 milyon miqrant fəhlənin işsiz qalmasına səbəb olub. Digər problem isə, kommersiya aviareyslərinin dayandırıldığı bir vaxtda müvəqqəti yaşayış yerlərini və işlərini itirən bu insanların bir çoxunun öz ölkələrinə qayıda bilməməsidir.

Körfəz ölkələri rəhbərlərinin təzyiqi ilə Hindistan və Pakistan öz vətəndaşlarını regiondan çıxarmaq üçün çarter reysləri təşkil etməyə başlayıb. Ötən həftə BƏƏ-dən iki mindən çox hindistanlı evlərinə göndərilib. Pandemiyadan əvvəl bu ölkədə tikinti və xidmət sektorlarında 200 minə yaxın Hindistan vətəndaşı çalışırdı. Rəsmi Dehli çarter reyslərinin davam etdiriləcəyini bəyan edib.

Pakistan isə mayın 23-dək Körfəz regionundan 12 min vətəndaşını təxliyə etməyi planlaşdırır. Bu ölkənin BƏƏ-dəki səfirliyi bəyan edib ki, repatriasiya üçün 60 mindən çox pakistanlı müraciət edib.

Körfəz ölkələrində ac və işsiz miqrantlara yardım edən humanitar təşkilatlar fəaliyyət göstərir. Səudiyyə Ərəbistanı və BƏƏ-də onlar üçün ərzaq yardımları aksiyaları təşkil olunur, habelə əcnəbilərin pulsuz müalicəsi həyata keçirilir. Lakin koronavirus pandemiyası ilə mübarizə aparan ərəb dövlətlərini daha çox öz vətəndaşlarının taleyi maraqlandırır.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed