Şrift:
Fərəc Quliyev: Danışdıqlarına da özündən başqa inanan yoxdur
20.05.2020 [11:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bir vaxtlar Azərbaycanın baş naziri olmuş Surət Hüseynov xaricdə fəaliyyət göstərən internet televiziyalarından birinə müsahibə verib. Deyib ki, Elçibəyin hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin onun qədər rolu olmayıb:

“Kimə hörmət edirsən, ayağı yer tutan kimi üstünə gəldi. Bu insanlarda belə bir xislət var idi. Amma mən seçki ərəfəsində mövqeyimi ortaya qoydum və ”Prezident Elçibəy olacaq” dedim. Hamı da bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaqdı. Sonra Etibar Məmmədov yanıma gəldi. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız olub, qoy, o namizəd olsun, müharibəni bitirək, sonra siyasi mübarizə apararsız. Yəni mən Etibar Məmmədova “yox” dedim, Elçibəyin prezident seçilməsinə nail oldum. Mən bütün rayonlardakı nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma sonradan mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya qoydular”.

Fərəc Quliyev: “Tamamilə qeyri-ciddi persona olduğu üçün onun barədə ətraflı danışmaq istəmirəm”

Elçibəy komandasının önəmli isimlərindən olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də qəzetimizə açıqlamasında Surət Hüseynovun düz danışmadığını bildirdi:“Mən həmin müsahibə ilə tanışam. Təəssüf edirəm ki, yenə köhnəlmiş fikirlərin ətrafında fırlanır. Surət özünü hərəkatçı kimi təqdim edir. O, hərəkatın iştirakçısı olmayıb. Mən Xalq Cəbhəsini təsis edən 64 nəfərdən biriyəm. Hətta Elçibəyin ətrafındakı ilk 7-liyin kimlərdən ibarət olduğunu da dəqiq bilirəm. O vaxt bizim digər müstəqil təşkilatlarla da əlaqələrimiz olub. Bura “Cənlibel”i, “Varlığ”ı aid edə bilərəm. Həmin vaxt mən Surət Hüseynov adına rast gəlməmişəm. Təsadüfi bir adamdır. Arif Hacıyevin təqdimatı ilə AXC hakimiyyəti dönəmində korpus komandiri də oldu. Mən Surətin ən güclü vaxtında ona sözümü demişəm. Tamamilə qeyri-ciddi persona olduğu üçün onun barədə ətraflı danışmaq istəmirəm. Danışdıqlarına da özündən başqa inanan yoxdur”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed