Şrift:
“Diaspor təşkilatlarının fəaliyyətində gənclərimizin rolu gündən-günə artmaqdadır”
16.10.2012 [11:50] - Gənclik
Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədovun müsahibəsi

Son illər diaspora sahəsində əldə edilən uğurlar bu prosesdə xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin də aktiv iştirakına yol açıb. Xüsusilə, bu ilin martında Bakıda keçirilən Dünya Azəbaycanlı Gənclər Birliyinin təsis qurultayından sonra sözügedən sahədə fəallıq bir qədər də artıb. Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı gənclərlə aparılan iş, eləcə də onların diaspora fəaliyyətində iştirak imkanlarından danışıb.

-Ramin müəllim, Dünya Azərbaycanlı Gənclər Birliyi xaricdə təhsil alan azərbaycanlı gənclərin diaspora fəaliyyətinıə cəlb edilməsi istiqamətində fəaliyyəti nədən ibarətdir? Ümumiyyətlə, rəhbəri olduğunuz təşkilat fəaliyyət göstərdiyi müddət ərzində bu sahədə qarşısına qoyduğu məqsədlərə nə dərəcədə nail olub?

-Dünya Azərbaycanlı Gənclər Birliyinin qarşısında duran məqsəd və vəzifələrinin icrası, onların həyata keçirilməsinə gəldikdə, onu qeyd etmək lazımdır ki, yeni yaradılmış bir təşkilatın həm texniki məsələləri, həm də təşkilatlanma baxımından qarşısında duran məsələlərin həlli əsas prioritet istiqamətlərdən biridir. Sadalanan məsələlər öz həllini tapdıqdan sonra Dünya Azərbaycanlı Gənclər Birliyi qurultayda qəbul etdiyi 2012-2015-ci illər fəaliyyət proqramına uyğun olaraq müxtəlif sahələrdə iş planı hazırlayıb və həmin iş planının icrasına başlayıb.

-Həmin iş planı və istiqamətlərimiz nədən ibarətdir?

-Birincisi, xaricdə yaşayan gənc azərbaycanlılar, diaspor təşkilatları çərçivəsində fəaliyyət göstərən gənclərimizin sadəcə Azərbaycanın təbliğ edilməsi ilə deyil, eyni zamanda yaşadıqları ölkənin sosial-ictimai həyatında da aktiv rol oynaması üçün həm maariflənmə, həm yerli özünüidarəetmə orqanları ilə sıx əlaqələrin qurulmasına köməklik göstərməkdən ibarətdir. İkinci bir istiqamət Azərbaycanın hüdudlarından kənarda təhsil alan minlərlə azərbaycanlı tələbə ilə bağlıdır. Həmin universitetlərdə Azərbaycanla bağlı məlumat bazasının yaradılması bu gün Dünya Azərbaycanlı Gənclər Birliyinin prioritet istiqamətlərindən biridir. Bunun üçün Dünya Azərbaycanlı Gənclər Birliyi xarici tələbələr və alimlər tərəfindən Azərbaycanla bağlı tədqiqatların aparılması üçün xüsusi qrant proqramının üzərində işləyir və bir neçə universitetlə əldə etdiyimiz razılığa müvafiq olaraq yaxın günlərdə həmin qrant proqramı öz işinə başlayacaq. Beləliklə, biz yaxın illər ərzində dünyanın bir sıra universitetində Azərbaycanla bağlı elmi əsaslarda hazırlanmış məlumat bazasının formalaşmasının şahidi ola bilərik. Üçüncü bir istiqamət isə müxtəlif beynəlxalq təşkilatlarla Dünya Azərbaycanlı Gənclər Birliyi arasında münasibətlərin qurulması, birgə layihələrin həyata keçirilməsindən ibarətdir. Bununla da bağlı sözügedən istiqamətdə müəyyən işlər görülüb. Biz Avropa Şurası, Dünya Sülh Təşəbbüsü Proqramı çərçivəsində çalışırıq. Bu günlərdə Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının üçüncü komitəsində Azərbaycanla bağlı məruzə ilə çıxış etdi. Bütün bunlar onu göstərir ki, dünya azərbaycanlı gəncləri sadəcə təhsil aldıqları və yaşadıqları ölkədə Azərbaycanın təbliğatı ilə deyil, eyni zamanda Azərbaycanın güclənmiş mövqelərindən yararlanaraq ölkəmizin regionda apardığı siyasətə arxalanaraq müxtəlif beynəlxalq təşkilatlarda gənclərimizin mövqelərinin güclənməsinə nail olmaqdadırlar.

-Xaricdəki azərbaycanlı gənclərin diaspora sahəsindəki fəaliyyəti Dünya Azərbaycanlı Gənclər Birliyi olaraq sizi qane edirmi?
- Hər bir prosesin maksimal inkişaf mərhələsi mövcuddur və diaspora quruculuğu, diaspor siyasətinin yaxın illərdə, qısa bir zamanda nəticə verəcək proses olmadığını nəzərə alsaq deyə bilərik ki, Azərbaycan gənclərinin diaspora quruculuğu və hərəkatında fəaliyyəti bu gün bizi qane edir və ya etmir desək yalnış fikir olar. Çünki bu prosesdə iştirak səviyyəsi, həmin prosesin qurulmasında aktivlik ölçülərinə uzun zaman çərçivəsində baxılır, qiymətləndirilir. Ancaq onu qeyd etmək istərdim ki, Azərbaycan gənclərinin aktivliyi və Azərbaycan həqiqətlərinin təbliğatının aparılması işində onların rolunun gündən-günə artdığını nəzərə alsaq, bizə onu deməyə əsas verər ki, yaxın illərdə Azərbaycan diasporu öz işi, fəaliyyətində müasir texnologiyalar və müasir fəaliyyət növlərindən istifadə edərək yeni bir mərhələyə qədəm qoyacaq. Beləliklə, azərbaycanlı gənclər sadəcə Azərbaycanın təbliğatı, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması deyil, eyni zamanda yaşadıqları ölkənin sosial-ictimai maksimal dərəcədə aktiv rol oynamağa nail olacaqlar.

- Zaman-zaman bir fikir xüsusi olaraq vurğulanır ki, xaricdəki gənclərimiz diaspora sahəsində “beyin mərkəzi” rolunun oynamalıdırlar. Siz necə düşünürsünüz, bu prosesə doğru addım atılırmı?

-Təbii ki, gənc, dinamik, müasir biliklər və metodologiyalara sahib olan insan öz yaşadığı çevrədə ondan daha yaşlı, fərqli sosial-ictimai quruluşda yaşamış, təhsil almış insanlar üçün müəyyən bir mühərrik rolunu oynamalıdır. Bu gün Azərbaycan gəncləri də bu rola, missiyaya sahib olmaq üzrədirlər. Müxtəlif universitetlərdə təhsil almış, bu gün müasir dünyada təhsil sisteminin gənclər qarşısında qoyduğu bilik və məqsədlərə nail olan Azərbaycan gənclərinin tam olmasa da, getdikcə bu prosesdə rolu artmaqdadır. Hesab edirəm ki, bu gün diaspor təşkilatlarının fəaliyyətində gənclərimizin rolu gündən-günə artmaqdadır. Bu sadəcə onların müxtəlif tədbirlərin, layihələrin həyata keçirilməsindəki rolundan ibarət deyil, eyni zamanda diaspor təşkilatlarının fəaliyyətində artıq müasir texnologiyaların, müasir fəaliyyət növlərinin tətbiq olunması ilə bağlıdır. Bu da öz-özlüyündə onu göstərir ki, bizim gənclər artıq diaspor təşkilatları ilə həmin ölkənin həm siyasətçiləri, həm elm xadimləri, həm də akademik çevrə ilə sıx əlaqələrin quruılmasına nail olmaqdadırlar və bu istiqamətdə işlər gedir. Hesab edirəm ki, yaxın illər ərzində gənclərimiz yaşadıqları, fəaliyyət göstərdikləri, təhsil aldıqları ölkələrdə Azərbaycanı sadəcə güclü iqtisadiyyat və Cənubi Qafqazda aparıcı rol oynaması ilə tanıtmayacaqlar. Eyni zamanda ölkəmiz düşünən beyinlər, müasir standartlara uyğun olan, yüksək səviyyədə təhsil almış gənclərlə tanınacaq.

-Dünya Azərbaycanlı Gənclər Birliyinin təxminən neçə ölkədə nümayəndəliyi fəaliyyət göstərir?

- Dünya Azərbaycanlı Gənclər Birliyi öz sıralarında 300-dən artıq gənclər təşkilatını birləşdirir. Həmin təşkilatlar sırasına həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının gənclər və ya tələbə birlikləri daxildir. Ümumilikdə, dünyanın 70-ə qədər ölkəzini əhatə edən və 300-dən çox təşkilatı öz sıralarında birləşdirən Dünya Azərbaycanlı Gənclər Birliyi bu günlərdə də yeni üzvlər haqqında müraciətlər qəbul etməkdədir. Ancaq onu da qeyd etmək istərdim ki, Dünya Azərbaycanlı Gənclər Birliyi öz fəaliyyətində daha çox açıq, şəffaflıq, eyni zamanda hər bir təşkilatla eyni məsafədə olmaq, hər bir təşkilata eyni imkanlar yaratmaq prinsipini üstün tutaraq veb sayt üzərindən onlay üzvlük prosesinə başlayacaq. Beləliklə, istənilən fərdi şəxs, və ya hər hansı bir hüquqi təşkilat, qurum Dünya Azərbaycanlı Gənclər Birliyinə üzv olmaq üçün onlayn anket üzərindən bizə müraciət edə bilər.

-Cari ilin sonuna qədər Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə istər Azərbaycanda, istərsə də ölkədən kənarda hansısa tədbirləri nəzərdə tutulurmu?

-Dünya Azərbaycanlı Gənclər Birliyinin mart ayının 12-də keçirilən təsis qurultayı zamanı qəbul edilmiş nizamnaməyə uyğun olaraq Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının iclasları və ildə bir dəfədən az olmayaraq ümumi yığıncağının keçirilməsi nəzərdə tutulur. Biz də nizamnaməyə uyğun olaraq cari ilin sonuna qədər Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının ilk iclasını keçirməyi nəzərdə tuturuq. Hazırda bu istiqamətdə müvafiq təşkilati işlər aparılır.
-Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının iclasının təxminən nə vaxt və harada keçirilməsi gözlənilir? Ümumiyyətlə, Mərkəzi Şuranın iclasında hansı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq?
-Noyabr ayının birinci dekadasında Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının iclasının keçirilməsi nəzərdə tutulur. Mərkəzi Şuranın iclasında ötən aylar ərzində Dünya Azəbaycanlı Gənclər Birliyinin fəaliyyət proqramı, struktur bölmələrinin formalaşması, rəhbər heyətin tərkibinin təklifləri, eləcə də 2012-2015-ci illəri əhatə edən fəaliyyət proqramına uyğun olaraq tərtib olunmuş iş planı müzakirəyə çıxarılacaq. Mərkəzi Şura üzvləri tərəfindən əlavələr olunmaqla növbəti illər üçün müəyyən bir fəaliyyət proqramı ortaya qoyulacaq. Həmçinin kollegial orqan olan Dünya Azərbaycanlı Gənclər Birliyi növbəti illərdə forumlar, ümumi yığıncaqlarını keçirərək bütün üzvlər arasında görülən içlər haqqında hesabat və növbəti illər üçün strategiya, həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsinə nail olmaq istəyir. Bundan əlavə olaraq Dünya Azərbaycanlı Gənclər Birliyi həm ölkə daxilindəki gənclər təşkilatları, həm də xaricdəki diaspor təşkilatları ilə sıx əlaqədə olaraq müxtəlif layihələr və proqramların həyata keçirilməsi üzərində də iş aparır.

//Olaylar
Bu xəbər oxucular tərəfindən 1261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed