Şrift:
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları fındıq qabığından bioekstrakt əldə ediblər
21.05.2020 [14:00] - Gündəm, Mədəniyyət
AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşlarının yeni üsul ilə fındıq qabığından aldıqları bioekstrakt Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən ixtira kimi qiymətləndirilib. İnsanın həyati tələbatlarının təmin edilməsi üzrə ixtiraya patent verilməsinə dair qərar qəbul edilib.

AMEA-dan bildirilib ki, ixtiranın müəllifləri ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilovdur.

Yeni kəşf əczaçılıq, qida və yüngül sənaye sahələrinə, xüsusilə tullantısız texnologiyaya əsaslanan fındıq qabığından alınmış, toz halında olan bioekstrakta aiddir. Müəlliflər bioloji aktiv mikro və makroelementlərlə zəngin, diurez, ürək-damar, qanazlığı xəstəlikləri və orqanizmin mikroelement balansının pozulmasına qarşı müalicə və profilaktiki vasitə kimi fındıq qabığından toz halında quru bioeksrtrakt təqdim ediblər. Bioekstrat 34,50 faiz həyati vacib K, Na, Ca, Mg, Fe, Mn, Ni, Cu, Zn, Al ,Si ,P, S ,Ba, Sr, Ti mikro və makroelementlərini saxlayır.

Təklif edilən üsul ilə alınmış bioekstraktın tərkibində insan üçün həyati vacib mikro və makroeletmentlərin və yüksək müalicəvi təsirə malik bioloji fəal maddələrin olması imkan verir ki, bioekstraktdan bir çox xəstəliklərin müalicə və profilaktikasında effektiv vasitə kimi istifadə edilsin. Bioekstraktın tərkibində aromatik, dadverici və boya maddələri olduğundan ondan aromatizator, dadverici və qida əlavəedicisi kimi, həmçinin ipək, yun və pambıq saplarının boyanmasında istifadəsi də mümkündür. Tədqiqatın nəticələrinə əsasən, 70 faizli etil spirti və adi su vasitəsilə ikipilləli ekstraksiya tətbiq etməklə mineral elementlər və bioloji fəal maddələrlə, boyayıcı piqmentlər və aromatizatorlarla zəngin bioekstraktın alınması üçün optimal rejim müəyyən edilib.

İxtiranın tətbiqi və patentin kommersiyalaşdırılması məqsədilə layihə hazırlanıb və AMEA-nın Yüksək Texnologiyalar Parkına göndərilib.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed